“Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb
- 27 İyl 2020 17:00
- 869
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı vaxtilə “Futbol+”in bölgə müxbiri kimi çalışmış, bir ara “Xəzər Lənkəran”ın mətbuat katibi olmuş, hazırda isə Lənkəran şəhər stadionun direktoru olan Hüseyn Cəbrayıloğludu.
Gözlənilməyən sonluq
2012/13 movsümündə Azərbaycan kubokunun yarimfinal mərhələsində "Bakı" ilə qarşılaşırdıq. İlk oyun paytaxtda keçirildi və demək olar, qapıya bir düz-əməlli zərbə endirə bilmədik. Meydan sahibləri “doğma divarlar” arasında 1:0 hesabı ilə qalib gəlsələr də, ən azı 4-5 real qola Orxan Sadıqlı imkan vermədi. Hətta İker Kasilyas kimi qapıçını kəşf edib "Real"ın əsas komandasına cəlb edən Con Toşak mətbuat konfransında bu ifadəni işlətdi: “Finala çıxmağa 1 faiz belə şansımız varsa, bu Orxanın sayəsindədi. Mən indiyədək belə gənc qolkiper görməmişəm". Cavab oyununda "zolaqlılar”ı keçəcəyimizə Toşakdan başqa kimsə inanmırdı. Tərslikdən cavab matçında “çərçivə”ni bizi böyükhesablı məğlubiyyətdən xilas edən Orxan yox, Antonio Doblas qoruyacaqdı. Toşak qarşılaşmadan əvvəl Orxana “Doblas sənin ilk oyunda qapını bu cür qorumağını görüb yenə də həftə ərzində səylə çalışırsa, deməli, bu gün şans onundu" deyib, qərarını əsaslandırmışdı. Görüşdən əvvəl böyük hörmət bəslədiyim Zeynal Məmmədov da heyətlərə baxıb “belə haqsızlıq olmaz. Orxan sizi ilk oyunda xilas edib, amma qapını legionerə etibar etmisiz" söyləmişdi. Nə isə... "Bakı" Lənkərana böyük heyətlə gəlmişdi. Hətta finala çıxıb stadionda bayram edəcəkləri təqdirdə problem olmasın deyə, bir avtobus mühafizəçi də gətirmişdilər. Hər iki komandanın rəhbərliyi arasında xoş münasibət olsa da, 2005-ci ildən amansız rəqabət də yaranmışdı. Ona görə də klub prezidenti Mais Mənsimov matçı bazada televizordan izləməyi qərara aldı. Səbəb olaraq "mən onların Lənkəranda qələbəni bayram etməsini həzm edə bilmərəm. Gedib bazada otaqda izləyəcəm. Kim məni soruşsa, deyin Azərbaycanda deyil" söylədi. Kim Mais müəllimi soruşurdu, biz də eyni cavabı verirdik. Elə oldu ki, komanda meydana çıxıb finala adlamaq üçün hər şeyi etdi və 2:0 hesabıyla qalib gəlib həlledici matça adladı. İlk oyunla müqayisədə ağlagəlməz futbol oynadıq. "Bakı" nın nə futbolçuları, nə də böyük heyətlə Lənkərana gələn nümayəndə heyəti nə baş verdiyini anlaya bilmirdilər. Qarşılaşmadan sonra Astara - Bakı şossesində qonaqlar bir də görüblər ki, 006 sonluğu olan avtomobil bunları keçdi. Onda biliblər ki, əslində Mais Mənsimov Lənkəranda olub.
Saatı səhv salıb inzibatçını danlayan Zakir Mahmudov
2012-ci ildə Avstriyaya - təlim-məşq toplanışına yollanmışdıq. Baş məşqçi Yunis Hüseynovun köməkçisi Zakir Mahmudov idi. Çox gözəl və sadə insandı. Otelə gəldiyimiz ilk gün idi. Avstriya ilə də Azərbaycan arasında 3 saat fərq var. Zakir müəllim səhər yuxudan oyanıb və görüb ki, oteldə ölüm səssizliyi var. Başlayıb bir-bir futbolçuların otağını yumruqlaya-yumruqlaya “podyom” qışqırmağa. Aləmi qatıb bir-birinə. Səsə komandanın inzibatçısı Fərrux Ağayev oyanıb, həyəcanlı şəkildə qaçaraq Mahmudovun yanına gəlib. "Zakir müəllim, nə olub, hara yanır?” deyərək, köməkçi məşqçinin təlaşının səbəbini soruşub. O da əsəbləşərək, narazı şəkildə "necə inzibatçısan, saat 9-du, hamı yatıb. Bunlar nə vaxt oyanacaq, nə vaxt nahar edib məşqə gedəcəklər" deyərək, inzibatçıya iradını bildirib. Fərrux saata baxıb ki, 6-dı. Məsələdən duyuq düşən inzibatçı Zakir müəllimə iki ölkə arasında 3 saat fərqin olduğunu bildirib və ondan saatını düzəltməyi xahiş edib.
“Lex”i keçməməyin səbəbi məlum oldu
2012-ci ildə Yunis Hüseynovun rəhbərliyi altında klubumuz ilk dəfə UEFA turnirində mərhələ adlayıb. Estonların " Nımme Kalyu" komandasını keçdikdən sonra rəqibimiz güclü Polşa "Lex" i idi. İlk oyun Lənkəranda 1:1 başa çatdı və komandamız pis təsir bağışlamadı. Yunis müəllimin həyatda ən çox nifrət etdiyi şey təyyarəyə minmək idi. Buna görə çox zaman ən uzaq yolçuluğa belə avtomobillə gedirdi. Polşaya gedəndə təyyarədə Yunis müəllim həyəcanla mənə yaxınlaşaraq “Hüseyn, sən həmişə təyyarədə dərman atırsan. Ondan qalıb" soruşdu. Mən də cibimdə olan çox güclü yuxugətirici təsirə malik "İmmovan" dərmanından birini ona verdim. Ardınca da “bunu at, bir də görəcəksən Polşaya çatmışıq" söylədim. Amma dərmanın çox ağır yan təsirləri vardı. İki-üç gün adam harda otururdu, yuxu tuturdu. Ağızda quruluq, acılıq olurdu. Yunis müəllim dərmanı atdı. Polşaya çatmışıq, amma yuxu Yunis müəllimi gic edib. Otağa girən kimi yuxu tutur, yatır. Köməkçiləri güclə gedib onu otaqdan çıxarırlar ki, məşqin vaxtıdı. Komandaya əsnəyə-əsnəyə "ustanovka verir", iclasdan çıxır gedib yenə yatır. Cavab oyununda da yaxşı çıxış etdik. Bir neçə qol vəziyyətimiz oldu, hakim bir penaltimizi vermədi. Poznan təmsilçisi vurduğu bir qolla mərhələni adlayan tərəf oldu. Bu günə kimi də Yunis müəllim söz düşəndə “Hüseyn, "Lex"in anasını ağladacaqdım, sən imkan vermədin. O dərman məni 4 gün yatızdırdı” deyir.
200 “azarkeş” və ya kabel alan Məmmədov
"Araz Naxçıvan"la Azərbaycan kubokunda görüşəcəkdik. Klub prezidenti Mais müəllim səfər ərəfəsində "Hüseyn, sən Avstriyadan, Almaniyadan canlı yayın verən adamsan. Naxçıvandan da klub saytı ilə yayın təşkil edə bilərsən? Mən İstanbulda olacam. Matçı orda izləmək istəyirəm” soruşdu. “Problem yoxdu” dedim və əmin etdim ki, oyunu klubun saytı verəcək. Getdik Naxçıvana və məşq günü stadiona çatanda gördük ki, 200-ə yaxın azarkeş var. Avtobusdan azarkeşlərə baxa-baxa “nə gözəl, adi məşqə 200 adam gəlib” düşünüb, sonra ərazini vizual analiz etdim. Məqsəd cərəyanı hardan götürəcəyimi, kameranın yerini müəyyənləşdirmək idi. Bir problem vardı ki, cərəyan kameraları quracağımız yerə çox uzaq idi və azı 50-70 metr kabel lazım idi. Komanda məşqdə, mən isə ora-bura qaçıb, yayın üçün işlər görürəm. Sən demə, dərhal diqqəti cəlb etmişəm. Bir də gördüm mülki geyimdə biri yaxınlaşıb nə lazım olduğunu soruşdu. Həmin qardaşa narahat olmamasını bildirdim. İsrar edincə vəziyyəti başa saldım və yaxında inşaat materialları mağazasının olub-olmadığını soruşdum. Adam geri dönüb "Məmmədov, müəllimi apar, nə lazımdı kömək et" tapşırığını verdi. Getdik kabeli aldıq və pulu da məni dükana aparan Məmmədov ödədi. Maşından düşəndə "qardaş, var olun. Bilirdim naxçıvanlılar qonaqpərvər olur. Böyük kömək etdiz. Kabelin pulunu da siz verdiz. Maşallah, həm azarkeş kimi bizim məşqə gəlmisiz, həm də belə kömək edirsiz. İnşallah, Lənkəranda əvəzini çıxarıq" deyincə, Məmmədov mənə nə cavab versə, yaxşıdı? Qayıtdı ki, “qardaş, sağ ol. Amma gördüyün insanlar azarkeş yox, mülki geyimdə olan polislərdi. Məni çağırıb səninlə yola salan da komandirimizdi”.
Pits və Heydərovu “dəli” edən saat zarafatı
UEFA turniri çərçvəsində Maltaya "Slima" ilə qarşılaşmanın ilk matçina getmişik. Oyundan sonra Con Toşak qərara aldı ki, belə gözəl ölkədə bir neçə gün də qalıb sonra Lənkərana dönək. Görüş üçün Maltaya gələn fəxri prezidentimiz Mübariz Mənsimov Toşakın istəyini geri çevirmədi. Bir neçə gün qaldıqdan sonra Lənkərana dönmək üçün hava limanına gəldik. Klubun marketinq üzrə meneceri Rəşad Əzizova futbolçumuz Uğur Pamuk bahalı saat hədiyyə etmişdi. Hava limanında təhlükəsizlik zonasından keçəndə Əzizov saatını açıb qaba qoysa da, lentin o biri başından saat çıxmadı. Rəşad saatı axtarıb tapa bilməyincə, bir-bir nəzarətdən keçən futbolçulara izah etdi ki, kimsə zarafatla götürübsə, versin. Amma hamı and-aman etdi ki, saatdan xəbərləri yoxdu. Belədə Malta hava limanının təhlükəsizlik işçiləri araya girdi və gedib limandakı nəzarət kamerlarına baxış keçirib gəldilər. Gələn kimi Adrian Pitsə, bir də inzibatçı köməkçisi Bəhmən Heydərova yaxınlaşıb saatı qaytarmaları tələb etdilər. Cünki adıçəkilənlər Əzizovun arxasında növbədə olanlar idi. Pits dəli olub, heç nə anlamır. İzah edir ki, onun saatdan xəbəri yoxdu. Bəhmən isə ağlamaq səviyyəsinə çatıb. Hər kəs şokdadı. Bu an liman ərazisində masaj kreslosunda oturan və hadisələrin axarından xəbərsiz Uğur Pamuk özünü yetirib izah etdi ki, saatı zarafatla o götürüb və hadisələrin bu məcraya gəlməsindən xəbərsiz olub. Üzr istədi və ara sakitləşdi.
Mahmudovun “professorluğu”
Avstriyada qaldığımız oteldə restoranın yeməkləri arasında donuz əti üstünlük təşkil edirdi. Hər kəs bilir, “İsveç stolu” olaraq yeməklər düzülür və hər yeməyin arxasında bir mətbəx personalı olur. Bir şaqqa əti qızardıb qoyublar masanın üstünə. Zakir Mahmudov da yaxınlaşıb həmin masaya və ətin donuz olub-olmadığını müəyyənləşdirmək istəyir. Ancaq bir şey anlamır. Dəqiqləşdirmə aparmaq üçün guya ingilis dilində masanın arxasındakı mətbəx personalından sorusur: “no, donuz?” ("Futbol plus" qəzeti)