"Sumqayıt”ın basketbolçusu Eli Lourens klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, amerikalı forvard komandaya uyğunlaşmasından danışıb:


“Sumqayıt”ı çox sevdim. Özümü burada ailənin bir üzvü kimi hiss edirəm. Biz bir ailəyik. Baş məşqçimiz Vadim Kuramşın döyüşkən kollektiv formalaşdırıb. Hər şeydən razıyam və burada olduğuma görə şadam”.


Lourens məhsuldarlıq yarışında komanda yoldaşı Zayon Yanqla rəqabətindən də danışıb:


“Aramızda heç bir rəqabət yoxdur. Bura basketbol oynamağa və xal qazanmağa gəlmişik. Həm Yanq, həm də mən meydana çıxıb sadəcə, öz işimizi görürük. Məqsəd qələbə qazanmaq və “Sumqayıt”ı turnir cədvəlində üst sıralara daşımaqdır. Yanqın bir oyunda məndən çox xal toplamasına qıcıqlanmıram”.


Basketbolçu Azərbaycan şəhərləri arasında müqayisə də aparıb:


“Sumqayıtı çox bəyənirəm. Hərçənd Bakı ilə bu şəhər arasında müəyyən fərqlər var. Bakı mənim üçün “kiçik Nyu-York”dur. Bu şəhərdə çox insan yaşayır, daim tıxacda qalırsan. Sumqayıt daha sakit və rahat şəhərdir. Burada həyatdan həzz alıram”.


O, sonda komandanın hədəflərindən danışıb:


“Məqsəd pley-offa yüksəlməkdir. Hər halda, turnir cədvəlində heç də pis mövqedə qərarlaşmamışıq. Qarşıda bizi “Gəncə” ilə oyun gözləyir. Mütləq qalib gəlməliyik”.


Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Basketbol Liqasının B qrupunda 14 turdan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.