Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- 07 May 2024 14:00
- 906
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
Rekord.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək "Formula 1" yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.
Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir.
Nəzəri hissədə "Formula 1" üzrə Azərbaycan qran-prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
Təlim sentyabrın 13-15-də baş tutacaq Azərbaycan qran-prisinə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.