"Təbii ki, hər kəs bizi necə çətin bir yarımfinalın gözlədiyini bilir. İngiltərə millisini bir müddətdir yaxından izləyirəm". 

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand deyib.

O, Avro-2020-nin 1/4 finalında Bakıda Çexiyaya qalib gəldikləri matç (2:1) və yarımfinalda İngiltərə ilə qarşılaşacaqları oyun haqqında danışıb:
 
"Yığmanın baş məşqçisi Qaret Sautqeyt çox yaxşı işlər görür. Komandada istedadlı futbolçular çoxdur. İngiltərə millisi evində oynayacaq. Buna baxmayaraq, vəziyyətdən məmnunuq. Keçmişdə İngiltərə millisinə qarşı uğurlu oyunlarımız olub. Özümüzə inanırıq. Şübhəsiz ki, İngiltərə yığması favoritdir, ancaq finala çıxmaq üçün ən yaxşı oyunu göstərmək lazımdır. Heyətdə müəyyən problemlərimiz var. Bakıda çox güc sərf etdik. Heyətdə zədəli oyunçu yoxdur və bütün futbolçular oynamağa hazırdır”.

Qeyd edək ki, Danimarka - İngiltərə görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.