“Bakıda ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq”
- 28 Okt 2022 19:14
- 449
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi 5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək dünya kubokuna hazırlığı davam etdirir.
Rekord.az xəbər verir ki, bu gün mətbuat üçün açıq olan məşqdə məşqçilər korpusu bu yarışda ölkəmizi təmsil edəcək heyəti açıqlayıb və güləşçilərə öz tövsiyələrini çatdırıblar.
Dünya kubokunda ölkəmizi baş məşqçi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Qurban Qurbanov (hər ikisi 77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (hər ikisi 82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) təmsil edəcək.
Aleksandr Tarakanov: “Güləşçilərimiz yaxşı formadadırlar və yarışa hazırdırlar. Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir. Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıb. İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır. Bizə “dogma divarlar” da kömək edəcək. Avropa və dünya çempionatında yaxşı çıxış etdik. İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.
Rafiq Hüseynov: “Bizim üçün rəqibin kimliyinin çox da fərqi yoxdur. Biz Avropa çempionu və dünya ikincisiyik. Nə İran, nə Qırğızıstan, nə də Türkiyə komandası bizim qrupdakılardan zəifdirlər. Təbii ki, dünya yığması daha ciddi komandadır, orada seçilmiş idmançılar çıxış edəcəklər. İstənilən halda, biz də elit komandalardan biriyik. Yarışa çox pozitiv notlarda hazırlaşmışıq. Düşünürük ki, “doğma divarlar” da bizə kömək olacaq. Uzun zamandır ki, Bakıda belə mötəbər güləş turniri keçirilmir. Ona görə düşünürük ki, bu, bizim üçün əlavə stimul olacaq. Güləşməyə qərar vermişəmsə, artıq bu zədələrin heç bir mənası qalmır. 82 kq-da lider olduğuma görə komandamı tək buraxa bilməzdim. Həkimlər demişdilər ki, çiyin nahiyəmdə 9 yırtıq var. Bu isə birbaşa əməliyyat tələb edir. Bu yarışda mütləq iştirak etməliydim. Amma bundan sonra həkimlərin yekun qərarı olacaq. Federasiya tərəfindən Almaniyadakı mütəxəssislərə də müraciət olunub. Onlar da belə məsləhət görüblər. Əməliyyatdan sonra bərpa prosesi hardasa 1,5-2 ay çəkəcək. Düşünürəm ki, bu müddət mənə müsbət təsir edə bilər.
Bildiyiniz kimi, Olimpiya Oyunlarından sonra istirahətə vaxt tapmamışam. Ard-arda Avropa və dünya çempionatları, İslam Oyunları, reytinq yarışları oldu.Hər birində iştirak etdim. Bir müddət kənarda qalıb, yenidən güc toplamaq növbəti turnirlərdə mənim üçün kömək olacaq”.
Eldəniz Əzizli: "Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik. Dünya çempionatından az müddət keçib. İstirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. Bu il komanda hesabında Avropa çempionu və dünya ikincisi olmuşuq. Bakıda güləşdiyimizə görə Dünya Kuboku bizim üçün daha çox vacibdir. Türkiyə, İran və Azərbaycanla yanaşı, dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və 4 qızıl medal qazanıb. Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıb. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq".