Bakıda medal qazanan türkiyəli idmançı: "Bizim ürəyimiz Azərbaycanla döyünür"
- 18 Avq 2023 18:15
- 335
"Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.
Rekord.az xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış Türkiyə komandasının üzvü Yusuf Dikeç deyib.
İdmançı finalda məğlub olmalarının səbəbini açıqlayıb. O, Bakı Atıcılıq Mərkəzində güclü azarkeş dəstəyini də hiss etdiklərini vurğulayıb: “Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda, olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik".
O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsindən danışıb: “İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.
Təcrübəli atıcı Azərbaycanın dünya çempionatını yüksək səviyyədə keçirdiyini və belə yüksək səviyyədə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb: “Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik. Turnir də çox gözəl təşkil olunub. Nə poliqon, nə məşq meydançaları, nə də otel sarıdan heç bir problem var. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, onlardan biridir. Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir. İnşallah, növbəti illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gəncləri üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.
Hindistanlı kişi atıcı Şiva Narval qızıl medalı çətinliklə qazandıqlarını söyləyib: “Yarış çox gözəl keçir. Burdakı həmkarlarımdan çox şey öyrənirəm. Texniki məsələlər, prosedur qaydalarıyla bağlı biliklərimi yeniləyirəm. Həm də, özümə əminlik yaranır. Açığı, medal qazanmaq mənim üçün o qədər də çətin olmadı. Təbii ki, bunun davamı olacaq. İstəyirəm ki, Olimpiya Oyunlarında bu nəticəni təkrarlayım”.
O, mundiala ev sahibliyi edən Bakı barədə xoş sözlər deyib: “Paytaxtınız çox gözəldir. İnsanları da istiqanlı, mehriban və qonaqpərvərdilər. Burada olmaqdan məmnunam”.