Bakıdakı “Böyük Dəbilqə” yarışının vaxtı dəyişdi
- 18 Dek 2023 15:15
- 367
Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, 2024-cü ilin 1-3 noyabrında keçirilməsi nəzərdə tutulan Bakı “Böyük Dəbilqə” yarışının vaxtı dəyişdirilib.
Rekord.az xəbər verir ki, “Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu turnir 16-18 fevral 2024-cü ildə keçiriləcək. Tədbir Milli Gimnastika Arenasında baş tutacaq.
“Bu tarixlərdə daha öncə Tel-Əviv “Böyük Dəbilqə” yarışının keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından BCF bu turnirin keçirilməsini təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Bakı “Böyük Dəbilqə” yarışının 16-18 fevral 2024-cü il tarixinə keçirilməsini təklif etdik. Təklifimizə müsbət cavab verdikləri üçün BCF-ə təşəkkürümüzü bildiririk”, - deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.
O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi burada toplanacaq xalların Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: “Yarış noyabr ayında olsaydı Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin, bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.
Azərbaycan Cüdo Federasiyası bütün idman həvəskarlarını qeyd edilən tarixlərdə Milli Gimnastika Arenasına dəvət edir, dünyanın ən güclü cüdo ustalarının çıxışlarına tamaşa etməklə yanaşı, idmançılarımıza öz güclü azarkeş dəstəklərini verməyə çağırır.