Bakıdakı DÇ-də növbəti mükafatçılar müəyyənləşdi
- 28 Avq 2023 20:00
- 344
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında kişilər və qadınlar arasında eyni növ üzrə növbəti mükafatçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqeyə atəşaçmada qalib adını 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb.
İkinci yeri 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik tutub. Bürünc medal isə Tomaşla eyni sayda xal toplayan isveçrəli Paskal Baxmanna qismət olub.
Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub.
Qadınların mübarizəsində qızıl medal 581 xal yığan norveçli Katrin Lunda qismət olub. Gümüş medalın sevincini 579 xalla Polşadan olan Karolina Romançik yaşayıb. Karolina qədər xal yığan İsveçrə atıcısı Silviya Quiqnard Şnider üçüncü pillədə qərarlaşıb.
Komanda növündə Norveç birinci, İsveçrə ikinci, Almaniya üçüncü olub.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.