Bakıdan Quzanlıya, ordan da Ağdama YAZI
- 30 Apr 2020 14:00
- 829
Dünya, Avropa futbolu, hətta "Bakı birinciliyi" üçün də darıxılıb. Çempionatların bərpası müzakirə edilir, Bayıldan Zirəyə, 8 km-dən Masazıra qədər yollar ölçülür. Hamı futbolun yolunu gözləyir...
Yolumuz isə birdir, bir olmalıdır. Bakıdan Quzanlıya 330 kilometrdir. Oradan da Ağdama piyada getmək olar. O yollar Azərbaycanın, futbolumuzun yollarıdır. Həsrətlə bizləri gözləyir...
Futbol böyük qüvvədir. Vaxt olub Cənubi/Mərkəzi Amerikada futbola görə ölkələr bir-birilərinə müharibələr elan edib, Meksika-86-da İngiltərə-Argentina görüşü psixoloji savaş altında keçirilib...
Yaxın keçmişdə Quzanlıya sevə-sevə, ruh yüksəkliyi ilə gedirdik. Futbol, nəticə ikinci planda idi. Çətinliklər də təsir etmirdi. Şəraitsizlikdən "Neftçi" ilə Mingəçevirdə məskunlaşıb oyun günü Qarabağa doğru səfərimizi davam etdirirdik...
Quzanlı küçələrində insanlar bizi sevinclə qarşılayırdı. Gözlər sabaha inamla alovlanırdı. Onlar üçün "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter", "Simurq", fərq etmirdi. Ruhən müharibəyə gələn yeni batalyonları qarşılayırdılar.
Yaşıl meydanda rəqabət gedirdi, stadionda, tribunalarda isə birlik hökm sürürdü.
"Qarabağ bizimdir, bizim olacaq" sədaları səngərlərə qədər gedib çıxırdı. Hər kəs, Vətəni sevən oğullar düşmənlə döyüşə atılmağa hazır idi...
Quzanlı stadionunda məğlub olan tərəf olmurdu, hamı qalib idi. Futbol ruhu sabahın qələbələrinin təməlini qoyurdu. Avropa qruplarına gedəcək yolumuzda müqəddəs torpağın iyini, ruhunu alırdıq...
Top-klublarla Azərbaycan futbolunu təmsil etmək gözəldir. Nəhənglərin qapısına qollar vurub, xallar qazanmaq daha gözəldir. Quzanlıda oynayıb Ağdam, Şuşa, Xankəndinin nəfəsini hiss etmək, özünəinam qazanmaq isə əvəzolunmazdır...
Torpaqlarımız Azərbaycan futbolunun yolunu gözləyir. Quzanlı tək Quzanlı deyil. Bu gün Quzanlı Ağdamdı, Füzulidi, Cəbrayıldı, Zəngilandı, Qubadlıdı, Laçındı, Kəlbəcərdi, Ağdərədi, Şuşadı, Xankəndidi, fəryad qoparan yaralı Xocalımızdı!
Həyat öz axarına qayıdacaq, çempionat da gec-tez bərpa ediləcək. Azərbaycan futbolu tək Abşeron yarımadasından ibarət deyil. Vətən futbolunun sabahı xorvatlı, serbli "Sabah"lar da deyil. Sabahın futbolu, qələbələri Quzanlıdan, bölgələrdən keçməlidir...
Qayıtsın futbol. Milli ruhumuzla yenidən Quzanlıya gedək, azarkeşlər, Vətən oğulları tribunaları doldursun. Futbol meydanlarında doyüşək. Döyüşək ki, sabah Ağdamın "İmarət"ində futbol, Cıdır düzündə qol götürüb oynaya bilək!
Tahir SÜLEYMANOV