"Bakı"nın sabiq baş məşqçisi: "O boyda bazanı necə məhv etmək olar axı?"
- 10 İyn 2020 11:00
- 745
“Bakı”nın bazası sökülüb? Nə danışırsız? Ola bilməz! Mənim gördüyüm stadionlar, tribunalar, akademiyanın binası, qapının arxasındakı konfrans zalı olan bina – hamısı sökülür? Mən şokdayam!“.
Rekord.az xəbər verir ki, bu sözləri 2012-2013-cü illərdə “Bakı“nın baş məşqçisi olmuş Bojidar Bandoviç deyib.
Serbiyalı mütəxəssis artıq fəaliyyətini dayandırmış klubun bazasının yerlə bir edilməsindən şoka düşdüyünü gizlətməyib: “Həqiqətən şokdayam, nə deyəcəyimi bilmirəm (reallıqla tanış olmaq üçün bəzi suallar verir, söküntünün səbəbini soruşur).
Azərbaycanı xeyli vaxtdıo tərk etmişəm. O vaxtdan bu yana Taylandda işləyirəm deyə, əsas diqqətimi hazırkı işimə ayırmışam. Ona görə də “Bakı”da baş verən proseslərdən xəbərdar deyiləm.
Bir ara vəziyyətin pis olduğunu eşitmişdim. Maliyyə problemi vardı, komanda elitanı tərk etmək üzrəydi. Lakin bu dərəcədə bərbad olduğunu ağlımdan keçirməzdim.
O boyda bazanı necə məhv etmək olar axı? Köhnə baza olsaydı, dərdyarı. Düşünmək olardı ki, köhnəlib, bir işə yaramır. Amma “Bakı”nın bazası yeni inşa olunmuşdu.
Hətta yadımdadır ki, qızlar arasında dünya çempionatına görə işləri sürətləndirmişdilər. Sonradan neçə-neçə tanınmış yığmalar orda məşq etmişdi. Yüzlərlə uşağın yetişdiyi o böyüklükdə akademiya var idi.
Açığı, klub “Atletiko” ilə əməkdaşlığa başlayandan sonra daha böyük işlərin görüləcəyini düşünürdüm. Çünki Hafiz Məmmədovun gələcəklə bağlı planları geniş idi. Sən demə, hər şey kənardan göründüyü qədər gözəl deyilmiş.
Həqiqətən pis oldum. O boyda əziyyətin sonu belə olmamalıydı. Nə problem olmuşdusa belə, baza sökülməməliydi. Edə biləcəyimiz bir şey yoxdu. Adam gələcəkdə özünü futbolçu görmək istəyən uşaqlara görə pis olur.
Halbuki onlar üçün hər cür şərait yaradılmalıydı. Kaş fikirlərindən daşınıb söküntünü dayandırsınlar. Bəlkə də siz yazsaz, futbol camiəsi etiraz etsə, qarşısı alınar” (Futbol+).