“Baku Open 2023” başa çatdı
- 13 May 2023 15:40
- 472
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə “Baku Open” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Rekord.az xəbər verir ki, festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırlatdı.
Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik etdi, onlara gələcək turnirlərdə uğurlar arzuladı.
“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının baş hakimi Faiq Həsənov festivalda 32 qrossmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin mübarizənin şahidi olduqlarını söylədi.
C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edildi. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verildi.
B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü oldu. 8 xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşdı. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə birinci pillədə qərarlaşdı.
A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görüldü. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Open turnirin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca 7 xalla yarışın qalibi adını qazandı. 7 xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürdü.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.