"Banişevski hamının içində Ələkbəri yaxşı söydü və qayıtdı ki..."
- 07 Sen 2021 14:00
- 688
“Yaşasaydı, yenə dostlarla bir araya gəlib sentyabrın 5-də 66 yaşını qeyd edəcəkdik. Təəssüf ki, belə şəxsiyyətli insan bu gün aramızda yoxdu. Ötən il 65 illiyini bir yerdə qeyd etmişdik” - bu fikirləri Asəf Namazov təxminən 3 ay öncə faciəvi şəkildə dünyasını dəyişən Səmədağa Şıxlarovu xatırlayarkən söylədi.
Srağagün redaksiyamıza gələn futbol veteranı Şıxlarovla bağlı xatirələrini bölüşməklə yanaşı, keçmişi yada saldı, futbolumuzun bugünkü durumundan ürəkağrısı ilə danışdı:
"Səmədağa dönəminin sayılıb-seçilən futbolçularından biri olub. Ondan SSRİ çempionatında çıxış edən bütün klublar çəkinirdi. Sizə bir hadisəni danışmaq istəyirəm. Çempionat oyunlarının birində Kiyev “Dinamo”su ilə qarşılaşmalıydıq. Oyundan öncə mən və Əli Rəhmanov Kiyevə uçduq ki, matçın nəticəsini razılaşdıraq. Daha dəqiq desəm, onlara heç-heçə oynamağı təklif etdik. Həmin ərəfədə kiyevlilər bir neçə turnirdə iştirak etdiklərindən artıq yorulmuşdular. “Dinamo”dan Troşkin və Konkovla danışıb şəhərdə bir yerdə görüşdük. Onlarla söhbətdə Kiyevə gəlişimizin səbəbini izah etdik. Konkov ağzını açmamış, Troşkin qayıtdı ki, “gəl razılaşaq. Orda bəstəboy biri var, bizi boğaza yığacaq”. Təbii ki, o, “bəstəboy” deyəndə Səmədağanı nəzərdə tuturdu. Çox şəxsiyyətli oğlan idi, dostları xətrini çox istəyirdi. Ancaq ona qarşı çox insafsız davrandılar. Əslində bundan artığını da gözləmək olmazdı. Azərbaycan futbolu daim bir prinsiplə idarə olunub: ağıllın kimdi? Qabaqda gedəni zəncirlə, istədiyini elə. Kazbek Tuayevin timsalında bu gün də bunu görmək olar".
- Rəhmətlik sanki futboldan küskün getdi...
- Bir dəfə bu sözü demişəm, yenə təkrarlayacam. Ötən əsrin 70-ci illərindən üzü bu yana Azərbaycan futbolunu üç nəfər idarə edib: Kazbek Tuayev, Ələkbər Məmmədov və Rauf Adıgözəlov. Onlardan ikisi artıq dünyasını dəyişib. Ölənlərin yerini də hazırda Vaqif Sadıqovla Elxan Məmmədov tutub. Nədənsə AFFA rəhbərliyi çox passiv davranır. İnşallah, yaxın vaxtlarda AFFA-da dəyişikliklər olar. Yeni rəhbərliyə ümidimiz çoxdu.
- Kazbek Tuayev, Ələkbər Məmmədov və Rauf Adıgözəlovun adlarını çəkdiz. Onlardan niyə narazısız?
- 1970-ci illərin əvvələrində bu “üçlük” “Neftçi”yə gəldilər. Həmin vaxt komandanın əla heyəti var idi. Onların gəlişi ilə Stekolnikov, Bruxti, Semiqlazov kimi güclü futbolçuları düşərgədən perik saldılar. Vidalaşmağın da yolu var. Çox hörmətsiz sağollaşdılar. Şəxsi ambisiyalarına görə kollektivi parçaladılar. Hər yerdə böyük pafosla Ələkbər Məmmədovun azərbaycanlı olduğunu deyirlər. O gün də onunla bağlı verilişə baxmışam. Ancaq o heç vaxt özünü bizdən biri hesab etməyib. O hər yerdə böyük fəxrlə “mən azərbaycanlı deyiləm” söyləyirdi. Bunu mən özüm onun dilindən eşitmişəm. Tramvay parkının mühasibatlığında bu sözləri dedi. Bir dəfə rəhmətlik Banişevski hamının içində Ələkbəri yaxşı söydü və qayıtdı ki, “5 oyun əvvəldə oynamısan, 5 oyun da sonda. Buna baxmayaraq, bütün titullar səndədi. Mən isə ayaqüstə dura bilmirəm”. Bu sözləri onun üzünə dedi və çıxıb getdi. Ələkbər utandığından cavab verə bilmədi. Çünki Banişevski haqlı idi. Ölkə futboluna yeni gələcək rəhbərlikdən gözləntilərim böyükdü. Çünki futbol siyasi idman növüdü. Bunu istəsək də, istəməsək də, etiraf etməliyik. Ermənistan yığması cari seçmə mərhələdə artıq 9 xal yığıb (Şimali Makedoniya ilə oyun nəzərə alınmayıb). Biz hardayıq? O qədər pullar hara getdi? Bunun hesabatını verən olacaq?” ("Futbol plus")