Nəhayət, uzun müddətli fasilədən sonra futbol hakimlərimiz ölkə xaricində toplanış üzü gördü. Əslində neçə illərdi heç ölkə daxilində də normal toplanış görmürdülər. Yalnız fərdi qaydada krossla, fitneslə oyunlara hazırlaşırdılar. 2024-cü il bu mənada dönüş ili oldu. Uzun müddətli fasilədən sonra ədalət təmsilçiləri yenə Antalyaya üz tutdular. Sonuncu dəfə onlar bu səfəri Ramin Musayev - Xaqani Məmmədov cütlüyünün zamanında görmüşdülər. Müsbət haldı, dəfələrlə bunu vurğulamışıq ki, oyunları yüksək səviyyədə idarə etmək üçün hakimlərin də yüksək səviyyədə hazırlıq keçməsi şərtdi. Necə ki, klublarımız ölkə xaricinə yollanır, təlim-məşq toplanışı keçir, eləcə də hakimlərimiz bunu etməlidir. Amma...

 

İşin ən arzuolunmaz tərəfi məhz bu ammadadır. Hakimlərimiz uzun fasilədən sonra təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər etsə də, məlum olub ki, orada demək olar ki, oyun idarə etməyiblər. AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov da "Futbol plus" qəzetinə açıqlamasında bunu etiraf edib: "Türkiyə Futbol Federasiyası qərar verib ki, hazırlıq matçlarını ordakı yerli hakimlər idarə etsin. Qeyri-rəsmi şəkildə, bəlkə də təşkilatçılarla danışıb bunu etmək olar. Amma rəsmi şəkildə mümkün deyil”. Elə isə sual ortaya çıxır: oyun idarə etməyəcəkdilərsə, o zaman hakimləri Türkiyəyə aparmağa nə ehtiyac var idi? Hazırlıq nəzəri və fiziki xarakter daşıyacaqdısa, onu elə burda da etmək olardı. Qəbələdə bu toplanışı təşkil edərdilər, heç bir ətək pul xərcləyib Antalyaya getməyə də ehtiyac qalmazdı. Hətta Qəbələdə öz komandalarımızın oyunlarını idarə edərdilər. Çünki klublar kimi, hakimlər üçün də praktiki hazırlıq çox vacibdir. Təsəvvür edin, hansısa bir komandamız Türkiyəyə toplanışa gedir, iki həftə məşq edir və yoxlama oyunu oynamadan geri qayıdır. Bunun harası toplanış oldu? Yadıma gəlir, vaxtı ilə hakimlərimiz Türkiyə toplanışı zamanı kifayət qədər oyunlar idarə edirdi. Hətta bəzən bir hakimimiz gün ərzində iki oyuna da çıxırdı. Oradakı komandalar özlər xahiş edirdi ki, bizim hakimlərimiz onların oyunlarını idarə etsin. Necə oldu ki, o zaman TFF bizimkilərin Türkiyədə oyun idarə etməsinə qadağa qoymurdu, indi qoyur? Halbuki o zaman komitə sədri azərbaycanlı Xaqani Məmmədov idi. Amma indi türkiyəli Barış Şimşəkdi. Məntiqlə indi bizim hakimlərimizin Antalyada oyun idarə etməsi daha asan olmalı idi. Amma nədənsə, qadağa məhz indi qoyulur. Bəs Şimşəyin Türkiyə futbolunda, sabiq iş yeri TFF-dakı nüfuzu, hörməti hanı? Belə çıxır ki, heç bir nüfuzu, hörməti yoxdur. Ki, onun hakimlərinə öz vətənində hakimlik etməyə icazə verilmir. 

 

İkinci bir məsələ, əgər belə bir qadağa var idisə belə, öncədən hazırlıq planı buna görə qurulmalı idi. Yenə deyirəm, hakimlərimizin orada heç bir oyun etməyəcəyi öncədən bəlli idisə, o zaman heç bu səfərə getməyə də dəyməzdi. Yox, qadağa rəsmi şəkildədirsə, (bunun özü də qəribədir, toplanışda bütün görüşlər yoxlama xarakterli olur və prinsipcə bu tip matçlar onsuz da qeyri-rəsmi sayılır) o zaman qeyri-rəsmi variantlar üzərində iş aparılmalı idi. Deyək ki, hansısa alman və Niderland, yaxud hansısa rumın və bolqar klubları öz aralarında yoxlama görüşü keçirəcək. Onlarla danışıb həmin oyunları bizimkilərin idarə etməsini təmin etmək olardı. Hər halda, TFF buna da müdaxilə edib, yox, oyunlarınızı ancaq türk hakimlər idarə etməlidir, kimi şərt qoya bilməz. Adamlar toplanışdan imtina edib, Türkiyəni tərk edə, bir daha ora qayıtmaya da bilər. Belə məsələyə görə, TFF heç vaxt Türkiyə turizminə, Türkiyə büdcəsinə zərər vurmaz. Bir sözlə, məsələyə hardan baxsan, bizimkilərin kal iş tutduğu daha real görünür. Bu mənada Barışın ölkə xaricindəki ilk toplanışını uğurlu adlandıra bilmərik. Adamın öz vətənində belə, ciddi nüfuz, hörmət sahibi olmadığı üzə çıxdı...

 

Anar XANLAROV