Ötən gün baş məşqçisi Kike Setyeni istefaya göndərən “Barselona” bu gün idman direktoru Erik Abidalla da yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.

2007-2013-cü illər aralığında futbolçu kimi "Barselona"nın şərəfini qorumuş 40 yaşlı mütəxəssis 2018-ci ildə klubun idman direktoru təyin edilmişdi.

Klubun yeni idman direktorunun kim olacağı bilinməsə də, artıq yeni baş məşqçinin kimliyi bəllidi. “Barselona” gözlənildiyi kimi, Setyenin əvəzinə niderlandlı mütəxəssis Ronald Kumanı baş məşqçi təyin edəcək. Bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu klub televiziyasına müsahibəsi zamanı məlumat verib. O, bir əskiklik çıxmayacağı halda, “Barselona”nı bundan sonra Kumanın çalışdıracağını bəyan edib.

“Barselona” ilə bağlı daha bir xəbəri diqqətinizə çatdıraq. Kataloniya təmsilçisinin qapıçısı Mark Andre Ter Ştegen bu gün dizindən əməliyyat olunub. Klubun yaydığı məlumata görə, futbolçu ən tezi 2.5 aydan sonra sıraya dönə biləcək.