“Barselona” rəhbərliyi oğurluq edib? - RƏSMİ AÇIQLAMA
- 11 Apr 2020 12:42
- 603
İspaniyanın “Barselona” klubunda 6 rəhbər şəxsin direktorlar şurasından istefa verməsinin ardından daha bir qalmaqal yaranıb.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin sabiq vitse-prezidenti Emili Ruso rəhbərlikdən kimlərinsə klubun kassasından pul oğurladığını iddia edib. O, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Fikrimcə, kimsə klubun kassasından pul oğurlayır. Ventures şirkəti üçün 1 milyon avro ödəndi, halbuki belə xidmətlərin bazar qiyməti 100 min avrodu. Bunu edən kimdi? Təbii ki, həmin şəxs rəhbərlikdəndi. Onun dəqiq kimi olduğunu mən bilmirəm. Amma bəzi şübhələr var”.
Artıq “Barselona” bu ittihamlarla bağlı rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Kataloniya təmsilçisi bu ittihamları rədd edib. Bu iddianı əsassız hesab edən klub qarşı tərəfi məhkəməyə verməklə də hədələyib.
Qeyd edək ki, ötən gün “Barselona”nın vitse-prezidentləri Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozep Pont və İdarə Heyətinin katibi Jordi Klasamilya istefa verib. Onların istefasının klubdaxili çəkişmələrlə bağlı olduğu bildirilir. Məsələ burasındadı ki, “Barselona"nın prezidenti Josep Mariya Bartomeunun nüfuzunu qorumaq üçün 1 milyon avroya şirkət işə götürdüyü iddia olunur. Şirkətin məqsədi sosial şəbəkələr vasitəsi ilə klub rəhbərliyinin imicini qorumaq, həmçinin “Barsa”nın bəzi keçmiş və indiki oyunçularını tənqid etmək olub. Maraqlıdı ki, klubun rəsmi saytının yaydığı bəyanatda sosial şəbəkələrdəki bu insidentə də toxunulub. Klub buna görə məyusluğunu ifadə edib.