Fransanın “Nitsa” klubu “Barselona”dan icarəyə götürdüyü Mussa Vaqeni birdəfəlik transfer etməkdən imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransa çempionatında 2019/20 mövsümü koronavirus pandemiyasına görə erkən yekunlaşdırıldığına üçün “Nitsa” artıq növbəti mövsüm üçün heyət formalaşdırmağa başlayıb. Sözügedən klubun ilkin qərarlarından biri bu ilin yanvar ayında icarəyə götürdüyü Vaqeni “Barselona”ya qaytarmaq olub. 

“Nitsa” icarə müqaviləsinə əsasən, 10 milyon avro təzminat ödəməklə 21 yaşlı müdafiəçini birdəfəlik transfer etmək hüququna da malik idi. Lakin məşqçilər korpusu Vaqenin növbəti mövsüm üçün planlarına daxil olmadığını bildirib. Seneqal yığmasının da şərəfini qoruyan Mussa Vaqe “Barselona”ya 2018-ci ildə transfer olunub. O, Fransa klubunda cəmi 5 oyunun iştirakçısı olub.

“Nitsa” Vaqe ilə yanaşı, müvafiq olaraq “Napoli” və “Latsio”dan icarəyə götürdüyü Adam Unasla Riza Durmişidən də imtina edib. Bu iki futbolçu da artıq müqavilə ilə məxsus olduqları klublara qayıdıblar. Əlcəzair yığmasının da üzvü olan Unas 2019-cu ilin yayından “Nitsa”da idi. 23 yaşlı futbolçu bu komandada 19 oyuna 4 qol, 4 məhsuldar ötürmə müəllifi olub. Danimarka yığmasının üzvü olan Durmişi isə bu ilin əvvəlində keçdiyi Fransa klubunda cəmi 5 oyuna çıxıb.