DÇ-2022-nin seçmə oyunları çərçivəsində millimiz arada bir neçə günlük fasilələrlə ardıcıl 3 rəsmi oyun keçirəcək. 

Rekord.az xəbər verir ki, yığmamız sentyabrın 1-i Lüksemburq, 4-ü İrlandiya səfərinin ardından, 7-si öz meydanında Portuqaliyanı qəbul edəcək. 

Bu oyunlarda milli komandamızdan hansı nəticəni gözləməliyik?

Sualımızı idman mətbuatının tanınmış simaları cavablandırdı.

Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): "Bu 3 matçda millidən heç olmasa, bizi biabır etməməsini gözləyir, buna ümid edirəm. Portuqaliya güclüdür, bunu qəbul edirik. Ancaq təslim olmaq da lazım deyil, mübarizə aparmalı, azı bir xal almağa cəhd etməliyik. O biri iki rəqib isə tam dişimizə görədir. Lüksemburq və İrlandiya ilə səfər matçlarından xal və xallarla dönmək lazımdır. Zaman dəyişib, səfər məfhumu əvvəlki statusa malik deyil. Üstəlik, hazırda millidə olan futbolçular klub səviyyəsində bundan da ağır səfərlərdən qələbə ilə dönüblər, elə bir sindromları da yoxdur.

Bir sözlə, ev-səfər söhbəti olmamalıdır, çıxıb oynamaq lazımdır. Futbolçuların belə problemi yoxdur, əslində. Görünən odur ki, problem baş məşqçidədir. İtaliya mətbuatına verdiyi son açıqlama tam təslimçilik, gücsüzlük, həm də böyük qeyri-peşəkarlıq nümunəsi idi. Baş məşqçi komandasına inanmırsa, komandanın ayrı-ayrı üzvlərinin üzərinə getmək düz deyil. Bundan sonra qeydə alınacaq mənfi nəticələrin günahkarı De Byazi və onu bura gətirən, dəstək olanlar olacaq".

Anar Şabanoğlu (AİJA-nın vitse prezidenti): "Qarabağ"ın sayəsində futbolçularımızın əksəriyyəti, istər fiziki, istərsə də psixoliji cəhətdən əla formadadır. Bununla yanaşı Mahir Emreli karyerasının bu günə qədər olan hissəsinin zirvəsindədir. Digər legionerlərimiz də bizi sevindirir. O cümlədən Rüfət son oyunda "Şaxtyor" kimi klubun qapısına qol vurdu. 

De Byazi haqda son müsahibəsindəki sərsəm fikirlərəcən yüksək fikirdə idim. Amma italiyalı məşqçi əvvəlcədən ağ bayrağı qaldırıb. Sən Lüksemburqu da hər iki oyunda udmayacaqsansa o qədər pul verib hay-küylə nəyə gətirirdilər?! Bütün rəqiblərə məğlub olmağı istənilən işsiz məşqçimiz bacarar. Özü də millidə çalışmaq hər bir azərbaycanlı üçün şərəfdir, bu işi bir qəpiksiz də görərlər. 

Nə bilim, öncədən bədbin notlara yüklənmək istəmirəm. Amma De Byazinin açıqlamasından sonra bu 3 oyunun 3-də az qala mübarizəsiz uduzacağımız anlaşılır. 

Əhməd Ələsgərov kimi bir məşqçi olsaydı, bu şəraitlə biz Lüksemburqu yüzdəyüz udardıq, İrlandiya və Portuqaliya ilə isə ən azı iki oyundan birində sensasiyaya imza atardıq. 
Bunu indi də etmək olar. De Byazi Albaniya ilə daha böyük sensasiya edib. Gözləyək görək Lüksemburqla oyun necə olur. 

Mən ümid edirəm ki, bu matçda qalib gələ bilsək digər iki oyunda da sensasiyaya imza ata bilərik. Amma Lüksemburqla oyun uğursuzluqla bitsə deməli artıq De Byazini göndərmək zamanıdır".

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): "Milli komandanın baş məşqçisi Canni De Byazi bir neçə gün əvvəl İtaliya mətbuatına açıqlamasında demişdi ki, Azərbaycan qrupda sonuncu yeri tutacaq, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. Baş məşqçi rəhbərlik etdiyi komandaya inanmırsa, biz necə və niyə inanaq?

Ümumiyyətlə, milli komandaya AFFA-da heç kim inanmır, buna əmin ola bilərsiz. Görüntü xatirinə arada "niyə də yox?" kimi düşük şüarlar icad etmələrinə baxmayın, AFFA-da oturanlar yaxşı bilirlər ki, Azərbaycan futbolunu nə günə qoyublar. Və haqlı olaraq da, bərbad gündə olan milli komandadan yaxşı heç nə gözləmirlər. Sualınıza konkret cavab verməli olsaq, mən də yaxşı heç nə gözləmirəm".