
“Başqa komandanın nəticəsinə görə xoşbəxt olmaq istəmirik” - Baxşıyev
- 13 Apr 2025 19:40
- 90
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Baxşıyev 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Ağır oyun alındı. Oyundan əvvəl bizi nə gözlədiyini bilirdik. İndiki durumda sıx qrafikdə çıxış edirik. Uda da, uduza da bilərdik. Heç-heçə etdik. Bu oyunu unudub, növbəti matça hazırlaşacağıq. Komanda şəklində birinci hissədə oyunumuz alınmadı, amma ikincidə epizodlarımız oldu.
Sıx qrafikdə olmağımız normaldır. Ya iddiasız olmalısan ki, bu qrafikdə oynamayasan. Komandam mövsümün əvvəlində o iddiasını ortaya qoyub.
Bizi daha çox düşündürən “Turan Tovuz” deyil. Başqa komandanın nəticəsinə görə xoşbəxt olmaq istəmirik. Daha çox öz oyunumuza köklənmişik. Çempionatımızda zəif komanda yoxdur. “Kəpəz” iddialı komandalardan da xal alıb”.