“Qarabağ”ın Konfrans Liqasındakı əsas rəqibi Bakıya gəlir. Ağdamlılar cümə axşamı Bakı Olimpiya Stadionunda “Bazel”i qonaq edəcək.

Rekord.az xəbər verir ki, İsveçrə çempionatının sonuncu mövsümünü 2-ci sırada başa vuran Bazel şəhərinin eyniadlı komandası 20 dəfə ölkə çempionluğunu bayram edib, 13 dəfə İsveçrə kubokunu başı üzərinə qaldırıb.

Ağdamlıların rəqibinin uğuru təkcə daxili yarışlarla bitmir. “Qırmızı-göylər” avrokuboklarda da sözünü deməyi bacarıb. Odur ki, “Bazel”dir də” deyib keçməyin.

Bu komanda Çempionlar Liqasının 1973/74 mövsümündə Avropanın bir nömrəli klub turnirinin 1/4final mərhələsinə qədər yüksəlməyi bacarıb. Uzun müddət davam edən susqunluqdan sonra bazelli azarkeşlə bir də yaxın keçmişdə - 2011/12 mövsümündə sevinməyə imkan tapıb. İsveçrə nəhəngi Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər irəliləyib. Eyni göstərici 2014/15, 2017/18 mövsümlərində də təkrarlanıb.

“Bazel” Avropa Liqasında da sözünü deməyə imkan tapıb. 2012/13 mövsümündə yarımfinala qədər irəliləyən isveçrəlilərin final həyəcanı yaşamasına “Çelsi” imkan verməmişdi.

2013/14 və 2019/20 mövsümlərində isə 1/4 finaldan o tərəfə getmək mümkün olmamışdı. Faktlarda da göründüyü kimi, indiyə qədər qrup səddini aşa bilməyən “Qarabağ”dan fərqli, “Bazel” Avropada özünəməxsus iz buraxmaqla avrokubokların final məhələlərində “Tottenhem”, “Ayntraxt”, “Zalsburq”, “Zenit” kimi güclü rəqiblərini üstələməyi bacarıb.

Odur ki, “Qarabağ”ın kifayət qədər güclü heyətə malik rəqiblə oyunda işi heç də asan olmayacaq. Sözün hər mənasında...