Bədavi Hüseynov ürəyini Rusiya mətbuatına boşaltdı: "Doğmalarım və dostlarım üçün darıxmışam"
- 24 Apr 2021 18:00
- 769
"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov md-gazeta.ru saytına müsahibə verib. Ağdam klubunda qazandığı uğurlar haqda danışan 30 yaşlı müdafiəçi Qurban Qurbanovun xidmətlərini qabardıb.
* Bəzən digər klublardan maraq olur. Amma "Qarabağ"da xoşbəxtəm. Bu komanda ilə çox şey qazanmışam. Açığı, bu kluba keçəndə ən böyük turnirlərdə oynayacağımızı təsəvvür etmirdim. Qurban Qurbanov öz fəlsəfəsini qura bildi. Hər il qarşımıza maksimum hədəflər qoyulur. Bir yerdə dayanmırıq. Ən əsası isə böyümək və daha da inkişaf etmək istəyirik.
* Yəqin hər bir azarkeş İtaliya "İnter"i ilə Bakıdakı matçı qeyd edər. Avropa Liqasının qrup mərhələsində həlledici qarşılaşmanın 4-cü uzatma dəqiqəsində qol vurduq. Amma nədənsə qeydə alınmadı. Beləcə pley-offa çıxışımız əngəlləndi. Ağlıma "Kopenhagen"lə görüş də gəlir. "Qarabağ" rəqibini məğlub edərək ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı. İnanılmaz hisslər idi. Bununla da Bakıda ilk dəfə turnirin rəsmi himni səsləndirildi. Musiqidən daha çox azarkeşlərin reaksiyasından tüklərim biz-biz oldu. Onlar bu himni coşqulu qarşıladılar. Əslində yaxşı oyunlarımız çox olub. Amma öz matçlarım haqda danışmayacam. Əsas komanda oyunudu. Bəlkə də "Atletiko" ilə görüşü fərqləndirə bilərəm. "Qarabağ" hər iki qarşılaşmada çox yaxşı təsir bağışladı və heç-heçə etdi.
* Məhəmməd Mirzəbəyov da Bakı klubunda oynayır. İnanıram ki, hələ uzun müddət öz oyunu ilə azarkeşləri sevindirməyə davam edəcək. O, "Anji"nin əvəzedici komandasının ən sürətli futbolçularından biri idi.
* Gələcəkdə nə vaxtsa doğma Çukna kəndimi təmsil edən komandanın formasını geyəcəyimə ümid edirəm. Pandemiyaya görə sərhədlər bağlıdı. Vəziyyət hələ də eynidi. Ümid edirəm ki, bu yay evə gedəcəm. Doğmalarım və dostlarım üçün darıxmışam.
* Nəticə qazana bilmədik, amma bu oyunlardan müsbət təəssüratım var. Bu səviyyədə və belə futbolçulara qarşı oynamaq bizim üçün əla təcrübədi. Portuqaliya və Serbiya ilə bərabər səviyyədə rəqabət aparmaq üçün nə qədər çox iş görməli olduğumuzu yəqin ki, başa düşürsüz.
* Kristiano Ronaldo özünü futbola həsr edib. Ondan öyrənəcəyimiz çox şey var. Ronaldonun istəyi və əzmi aşağı reytinqli komandalara qarşı oyunlarda da özünü dərhal göstərir. Qol vurmağa çalışır və komandaya qələbə gətirir. Onsuz da bacardığı hər şeyi qazanıb, amma meydanda maksimum dərəcədə mübarizə aparır. Bizə qarşı oyunda nəsə yolunda getməyəndə çox əsəbi oldu. Başa düşdük ki, Ronaldoya bir az sərbəstlik versək, fürsətdən istifadə edəcək. Onunla mümkün qədər yaxın oynamağı bacardıq. Qapıçımız Şahruddin Məhəmmədəliyev möhtəşəm oyun göstərdi. Hər kəs Ronaldonun nə qədər üstün olduğunu başa düşür və ona qarşı oynamaq karyeramda böyük hadisə idi. Xoşbəxlikdən Ronaldo qol vurmadı. İnanıram ki, bu, bütün komandanın uğurudu.
* Forma dəyişdirmək kimi bir vərdişim yoxdu. Gəncliyimdə bir neçə dəfə etmişəm.
* İrlandiya və Lüksemburq yığmaları ilə görüşlərdə qələbə qazanmaq şansımız var. Amma bu səviyyədə az səhv etməliyik. Burdakı rəqiblər səhvləri bağışlamır. Gənc komanda olduğumuza görə formalaşma mərhələsindəyik və inanıram ki, doğru yoldayıq.