21-ci əsrdə insanlar üçün ən mühüm problemlərdən biri sağlam olmayan həyat tərzidir. Buna örnək kimi pis vərdişləri, zərərləri qidalanmanı, az hərəkətliliyi və s. göstərə bilərik. Sadalananlar sonda bizim həm daxili, həm də xarici vəziyyətimizə mənfi təsir edir. Artıq çəki və yaxud az çəkidən əziyyət çəkənlərin sayı da günü-gündən artmaqdadır.

Bədən forması insanın həyatına birbaşa təsir edir. Belə ki, bu ünsür əsasən gənclərin sosial həyatda görünüşünə görə yarğılanmasına gətirib çıxarır. Məhz bu da insanların özünəinamını azaldır, eyni zamanda psixologiyasını zədələyir. Bu vəziyyətlə barışmayanlar hərəkətə keçirək yuxu və qida rejiminə diqqət yetirir, hərəki aktivliyini artırır. Bəziləri isə zəif xarakter səbəbindən özlərinə müəyyən təsəllilər tapır və düşdükləri halla barışır.

Peşəkar məşqçi fəaliyyətim səbəbilə sadaladığımız hər iki tip insanlarla da xeyli rastlaşmışam. Təbii ki, bu işin bir çox qəliz tərəfi var. Lakin şəxsdə iradə, qərarlılıq, səbr və nizam-intizam xüsusiyyətləri olduqdan sonra istənilən gözəl və sağlam bədən quruluşuna nail olmaq mümkündür. Bu, həm bəylər, həm də xanımlar üçün keçərlidir. Ən önəmli olan isə proses zamanı düzgün və savadlı məşqçi seçimidir. Bir çox peşədə olduğu kimi, son zamanlar məşqçilik də sosial şəbəkələr vasitəsilə reklam işinə çevirilib. Ali təhsili, savadı, təcrübəsi olmadığı halda bir çoxu özünü peşəkar məşqçi, dietoloq, idman həkimi adlandırır. Acınacaqlı hal isə bu insanların yanına ümidlə gedənlərin olmasıdır. Buna nümunə olaraq"məşqçi müəllim"lərin internet, sosial media kimi kənar vasitəsilər ilə öyrəndikləri fiziki metodları tələbələr üzərində tətbiq edərək onların sağlamlığına ziyan vurmasını misal çəkə bilərik. Yaxud, fərdi yazılmayan, arıqlamaq və kökəlmək üçün tərtib edilən pəhriz proqramı, düzgün olmayan qida əlavələri (supplement) və preparatların təyin edilməsi, yanlış tempdə olan kardiolar bu dediklərimizə aiddir. Xüsusilə də qadın anatomiyası və fiziologiyasına uyğun olmayan idmanlar təhlükəli nəticələrə gətirib çıxara bilir. Hansı ki, bu savadsızlığın qurbanı olan bir çox insan var.

Bayaq sadaladığımız xüsusiyyətlərin önəmi isə həqiqətən çox böyükdür. Bu sahədə uğurlu olmaq üçün hər iki tərəfin əziyyət çəkməsi lazımdır. Doğrudur, məşqçi qida və məşq proqramını tərtib edir, tələbənin fiziki durumunun müşahidəsini aparır. Lakin bu yolda tələbənin də fədakarlıqlar etməsi vacibdir. Kənardan hər nə qədər asan görünsə də, idman keçmişi olmayanlar üçün bu proses daha da çətin keçir.

Mövzumuz ilə bağlı yazılacaq daha çox şeylər var. Mən isə bu sahə haqqında anlayışı olmayanlar və az anlayışı olanlar üçün təməl məlumatları paylaşdım. Ümid edirəm sizlərə bir az da olsa fayda verə bildim.

Necə deyərlər, sağlam olanın ümidi, ümidi olanın isə hər şeyi var.

Məhəmməd Tağıyev