Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisinin “tələbələr”lə anlaşdığı deyilsə də, futbolçu ilə BƏƏ klubundan heç kim maraqlanmır. Belə ki, qaydalara uyğun bir futbolçu başqa bir kluba transfer olunursa, klublararası razılıq əldə olunmaqla yanaşı, futbolçuya da şəxsi müqaviləsi təqdim olunur, klubla oyunçu arasında razılaşma əldə edilir. Təəssüf ki, Sergey Rebrovun çalışdırdığı komandanın rəsmiləri hələ də Mustafazadə ilə şəxsi anlaşmasının detalları barədə söhbət etməyib. Bu da ondan xəbər verir ki, arada bilmədiyimiz gizli nəsə var və bunu da nə “Sabah”, nə də “Əl-Əyn” rəsmiləri ictimaiyyətə açıqlayırlar.


Söylənilənlərə inansaq, Bəhlulun BƏƏ klubuna transferini “Sabah”ın sabiq çalışdırıcısı, hazırda “Əl-Əyn”də Rebrovun yardımçısı funksiyasını yerinə yetirən Visente Qomes təşkil edib. Xatırladaq ki, ispnaiyalı Kiyev “Dinamo”sunda da Rebrovun köməkçisi olub. O, bu dəfə baş məşqçiyə yaxınlığından istifadə edib, Mustafazadəni onunla razılaşdırmadan “Əl-Əyn”nin rəsmilərinə məsləhət bilib və onlardan transferi qısa vaxtda reallaşdırmalarını istəyib. Bu isə ukraynalı mütəxəssisin xoşuna gəlməyib və rəhbərliyə Bəhlula ehtiyacının olmadığını bildirib. İki daş arasında qalan klub rəhbərliyi indi nə geri çəkilə bilir, nə də transferi rəsmiləşdirə. Bu üzdən Mustafazadənin keçidi yubanır. Daha bir mürəkkəb məqam odu ki, BƏƏ çempionatında hər komandaya start heyətində meydana 4 legioner buraxmağa icazə verilir. “Əl-Əyn”in heyəti legionerlərlə zəngin olduğundan, Rebrov limiti müdafiəçi hesabına doldurmaq istəmir.


Dünən Bəhlulun agenti Səbuhi Səfiyarlı ilə yenidən əlaqə saxladıq, hansısa yeniliyin olub-olmadığı ilə maraqlandıq. Onun dediklərindən belə məlum oldu ki, istər agent, istərsə də müştərisi gözləmə mövqeyindədilər. Daha dəqiq desək, millinin də şərəfini qoruyan müdafiəçi BƏƏ klubundan xəbər gözləyir: “Ötən dəfə sizə dediyim kimi, iki klub arasında razılıq əldə olunub. Transferin neçəyə gerçəkləşdiyini biz bilmirik. Bu məsələ “Əl-Əyn”lə “Sabah” arasında razılaşdırılıb. Bizə, sadəcə, BƏƏ təmsilçisi tərəfindən müəyyən sənədlər göndərildi və futbolçu onları imzalayıb kluba göndərdi. Bununla da Bəhlul üzərinə düşən işi yerinə yetirdi. Ancaq ondan sonra nə mənimlə, nə də futbolçu ilə əlaqə saxlayan olub”.



“Bəs nə vaxta kimi gözləyəcəksiz” sualına Səbuhi bəy belə cavab verdi: “4 gün ölkədə qeyri-iş günü idi. Ola bilsin, qarşıdakı günlərdə “Əl-Əyn”dən xəbər çıxa. Məndə olan məlumata görə, iyulun 24-dək bu məsələyə nöqtə qoyulmalıdı. Bundan artıq məndə heç bir məlumat yoxdu”.



Yaşananlarla bağlı Bəhlul Mustafazadənin də fikirlərini öyrənmək istədik. Lakin futbolçu susmağa üstünlük verdi və heç nə danışmayacağını bildirdi.


Qeyd edək ki, Rebrov iyunda “Əl-Əyn”nin “sükanı arxasına” keçib. Son üç ili Macarıstanda keçirən ukraynalı mütəxəssis “Ferentsvaroş”u ardıcıl çempionluğa daşımaqla yadda qalıb. Onun BƏƏ klubunda ildə 4 milyon avro qazanacağını da bildirək. ("Futbol plus")