Bəhlul Mustafazadənin “Sabah”dan “Əl-Əyn”ə transferi ətrafında qəribə durum yaranıb. Hadisələr olduqca gözlənilməz axar alıb ki, saytımızın oxucularına əlimizdəki bilgini çatdırmağı özümüzə borc bildik.


Əvvəlcə onu vurğulayaq ki, “Əl-Əyn” ilə “Sabah” arasında müvafiq razılıq var, yəni klublar transfer məsələsində bütün detalları razılaşdırıblar, bu yöndə fikir ayrılığı yaradan məqam yoxdu. Amma Birləşmiş Ərəb Əmirliklərinin iddialı klubu futbolçu ilə də şəxsi müqaviləni razılaşdırmalıdı. Sadəcə, Azərbaycan futbolunun maraqları baxımından önəmli olan bu böyük transferin reallaşması yolunda ciddi əngəl yaranıb. Kəsə və qısa deyəcəyik: bizə çatan çox etibarlı informasiyaya inansaq, iyunun əvvəlində “sükan arxasına” keçən Sergey Rebrov bu transferin reallaşmasında maraqlı deyil. “Əl-Əyn” ötən mövsümü 6-cı yerdə bitirib deyə, klub rəhbərliyinin ukraynalı mütəxəssisi dəvət etməkdə əsas məqsədi çempion titulunu geri qaytarmaqdı. Ölkənin 13 qat çempionu sonuncu dəfə 2018-də titula yiyələnib.


Rebrovun transferdə maraqlı olmamasını şərtləndirən səbəbə gəlincə, BƏƏ çempionatında mövcud olan legioner limiti start heyətində yalnız 4 əcnəbinin çıxış etməsini nəzərdə tutur. Heyətdə legionerlərin hədsiz çoxluğu fonunda Rebrov limiti müdafiəçilərin hesabına doldurmaq istəmir. Maraq üçün “Əl-Əyn”in heyətindəki legionerlərin ad-soyadını və mövqeyini xatırladırıq:
Kuame Kuadio, mərkəz müdafiəçisi - Fil Dişi Sahili
Rafael Pereyra, mərkəz müdafiəçisi - Braziliya
Erik, sol cinah müdafiəçisi - Braziliya
Andriya Radovanoviç, yarımmüdafiəçi - Serbiya
İdris Mzaulyani, mərkəz yarımmüdafiəçisi - Fransa
Kristian Quanka, hücumameyilli yarımmüdafiəçi - Argentina
Baurjan İslamxan, hücumameyilli yarımmüdafiəçi - Qazaxıstan
Ömər Yaysen, hücumameyilli yarımmüdafiəçi - Misir
Uilson Eduardo, sol cinah yarımmüdafiəçisi - Portuqaliya
Koco Laba, mərkəz hücumçusu - Toqo
Göründüyü kimi, heyətdə artıq 10 legioner var. Bəhlul isə 11-ci olacaq. Amma açıq deyək ki, hadisələrin indiki axarında bu transferin reallaşmaması da mümkündü. Baxmayaraq ki, dünyaca ünlü “transfermarkt”ın saytında Bəhlul artıq “Əl-Əyn”in oyunçusu kimi təqdim olunub. Hələ ki Bəhlul və “Sabah” BƏƏ-dən cavab gözləyir. Qarşıdakı günlərdə, hətta bəlkə də saatlarda məsələyə aydınlıq gələcək. ("Futbol plus")