Belarus futbolunun əfsanəsi karyerasını bitirdi
- 12 Mar 2020 13:20
- 551
Belarus futbolunun canlı əfsanəsi Aleksandr Qleb karyerasını bitirmək qərarına gəlib.
Rekord.az xəbər verir ki, bunu 39 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
"Arsenal" və "Barselona"dakı çıxışı ilə tanınan millinin sabiq kapitanı yanvarda ölkəsinin "İsloç" klubundan ayrıldıqdan sonra işsiz qalıb. Qleb artıq futboldan getməyin vaxtı olduğunu söyləyib:
"Çox düşündüm, məsləhətləşdim. Futbolu sevsəm də, oynamaq istəyim getdikcə azalır. Artıq ailəmə, övladlarıma diqqət ayırmaq lazımdır. Doğrudur, yığmamızın Avropa çempionatına vəsiqə şansı olduğu bir ildə futboldan gedirəm. Ancaq millinin mənə ehtiyacı olduğunu bilsəydim, karyeramı davam etdirərdim. Yaya qədər ailəmlə birlikdə istirahət edəcəyəm. Ondan sonra futbolun inkişafı yolunda hansısa bir işin qulpundan yapışacağam".
Qeyd edək ki, Aleksandr Qleb Belarus millisinin heyətində 80 oyun keçirib, 6 qola imza atıb. O, karyerası ərzində BATE, “Ştutqart”, “Arsenal” (London), “Barselona”, “Birmingem”, “Volfsburq”, “Krılya Sovetov”, “Konyaspor”, “Gənclərbirliyi” kimi klublarda forma geynib.