Belarus və Qazaxıstan avarçəkənləri “Kür”də məşq edirlər
- 12 Mar 2024 12:30
- 235
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkə daxilində avarçəkmə idman növünü populyarlaşdırmaqla yanaşı beynəlxalq və xarici federasiyalarla da əlaqələri möhkəmləndirir.
Rekord.az xəbər verir ki, bunun nəticəsində bir çox yığma komanda qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.
Belə ki, Belarus və Qazaxıstanın əsas yığma komandaları təlim-məşq prosesini burada davam etdirir. Qazaxıstan komandasının üzvləri 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu olmuş Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə təlim-məşqdədir.
Məşqləri Mingəçevirdə davam etdirən Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva da “Kür”də məşq edir.
Qeyd edək ki, iqlim şəraitinə görə "Kür“ Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici komandaların avarçəkmə məşqlərini Kürdə keçməsinə uyğun şərait yaradır.