Bəlkə Ştuxlikin də işini araşdırasınız?
- 27 Apr 2021 12:00
- 852
“Sabah” – “Neftçi” matçında “şou” ilə yadda qalan, biabırçı idarəçiliyi ilə futbol ictimaiyyətinin müzakirə mövzusu olan hakim Vüqar Həsənli ilə bağlı araşdırmalara başlanılıb. Daha doğrusu, AFFA öz hakiminin məlum idarəçiliyini araşdıracaq. Araşdırmanın hansı istiqamətdə aparılacağı açıqlanmır. Yəni burda sırf hakim səhvlərinin də araşdırılması aparıla bilər, hansısa kənar amillərin mövcuid olub-olmaması da. İş ondadır ki, oyundan dərhal sonra Vüqarın bir vaxtlar oyun alqı-satqısı şübhəsi ilə I Diviziondan kənarlaşdırılan “Şərurspor”da futbolçu və məşqçi kimi çıxışı da qabardılır. Hər halda, görək federasiya hansı araşdırmanı aparıb, hansı nəticəni ortaya qoyacaq.
Mən isə təklif edirəm ki, bəlkə Vüqarla birlikdə Frits Ştuxlikin də fəaliyyətini araşdıraq. Araşdıraq görək xeyli müddətdir Azərbaycanda olan, ayda 20-30 min avro maaş alan və Azərbaycanın futbol hakimliyinə görə məsuliyyət daşıyan şəxs ölkəmizdə olduğu müddətdə hansı işlərlə məşğul olub ki, hakimlik bu günə gəlib çıxıb. Əliyar Ağayev niyə günü-gündən geri gedir, Orxan Məmmədov 35 yaşında niyə hakimlikdən getdi, Rəhim Həsənov niyə süni şəkildə sıxışdırılaraq sıradan çıxardılır, Rəvan Həmzəzadə, İnqilab Məmmədov niyə arxa plana atılıb. Axı bu adam bura ona görə dəvət edilib ki, hakimliyin səviyyəsi artsın, azərbaycanlı hakimlərin Avropaya yolu daha da genişlənsin, avrokuboklarda təyinatlarımız daha da çoxalsın. Amma görünən budur ki, nəinki irəliləyiş var, heç yerimizdə də saymırıq. Əksinə, Azərbaycanın futbol hakimliyi günü-gündən geri gedir. Hakimliyimizdən fərqli olaraq, Ştuxlikin öz işləri yağ kimi gedir. Kifayət qədər yüksək məbləğdə məvacib alır, bütün günü kef-damaqda, hamamlarda, saunalarda keçir. AFFA rəhbərliyinin bundan xəbəri var? Bəlkə o araşdırmaların böyrünə bu araşdırmaları da qatasınız...?
Anar XANLAROV