Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.

Rekord.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Həmçinin 67 və 77 kq-da Olimpiadaya lisenziya əldə edilib. 2 qızıl 3 gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.