“Qarabağ”ın “Kayrat” üzərində qazandığı əzmkar qələbə Xəzərin o tayında aləmi əməlli-başlı qarışdırıb. “Kayrat”a könül verən azarkeşlərdən tutmuş futbol yazarlarına qədər çoxları məğlubiyyətin əsas səbəbkarı kimi baş məşqçi Kurban Berdıyevi göstərirlər. Sözsüz ki, mövsümün ortasında komandaya baş məşqçi gələn biri üçün hazırkı vəziyyət gözlənilən idi. Özü də Berdıyev “Kayrat”ın baş məşqçisi postunu Azərbaycanda da çox tez-tez baş vurulan üsulla tutub. “Rubin”də qazandığı uğurlarla xeyli məşhurlaşan çalışdırıcı mayda “Kayrat”ın Müşahidə Şurasına dəvət olundu, cəmi üç ay sonra isə Aleksey Şpilevskonu onunla əvəzlədilər.


Belə vəziyyətlərdə məşqçilər necə davranır? Əllərinin altında olan heyətin yetərsizliyini hər cəhddə klub rəhbərliyinə isbatlayıb, öz istədiyi heyəti qurmaq üçün zəmin hazırlayırlar. Belədə mövsmün qalan hissəsi “yola verilir”, “transfer pəncərəsi” açılan kimi köklü dəyişikliklər başlayır. Kurban Berdıyevin də belə davranıb-davranmayacağını demək çətindi. Amma “Kayrat”ın düşərgəsində yaşananlar bəzi nəticələr çıxarmaq üçün əsaslar verir. Son çempion finişə 3 tur qalmış qızıl medallar qazanmaq şansını itirdi. Almatı təmsilçisinin heç ikinci yer tutmaq şansı da yoxdu, “Kayrat” bu il bürünc medallarla kifayətlənəcək. Avrokubokların qrup mərhələsində debüt edən “sarı-qaralar” aşkar autsayder imicindən qurtulmaq ümidi ilə Bakıya gəlmişdi. Amma bu da mümkün olmadı. “Kayrat” birinci dövrədən sonra cəmi bir xal toplayıb ki, onu da öz meydanlarında “Omoniya” ilə qolsuz heç-heçədən sonra qazanmağa müvəffəq olublar. Deməli, komandanın işləri nə daxili çempionatda, nə də avrokuboklarda qaydasında getmir.


Bütün bunlar isə Kurban Berdıyevə olan inamı sarsıdır, xarizmatik çalışdırıcıya yönələn tənqidlərin sayını çoxaldır. Onsuz da belə yazılar, şərhlər “Qarabağ”la oyuna qədər Qazaxıstanın idman mətbuatını, sosial şəbəkələrdəki hesabları bəzəyirdi. Bakıdakı məğlubiyyət tənqidçilərə yeni əsaslar vermiş oldu, belədə bu say da xeyli artdı. İnsafən, türkmən çalışdırıcı Bakıda bütün bacarığını ortaya qoymuşdu. Özü oyundan öncəki mətbuat konfransında Bakıya heç-heçə həvəsiylə gəlmədiklərini desə də, Bakıdan aparacaqları bir xal həm Berdıyev, həm də onun komandası üçün əla nəticə sayılacaqdı. Diqqət yetirdinizsə, Kantenin 19-cu dəqiqədə penaltidən vurduğu qol da Berdıyevin planlarını pozmadı. Almatıdan gələn qonaqlar böyük qüvvəylə müdafiə olunur, özləri oynamasalar da, “Qarabağ”ın da oynamasına imkan verməməyə çalışırdılar.


Xoşbəxtlikdən onlar bunu bacarmadılar. “Qarabağ”ın bu cür xal itirdiyi, qələbəyə həsrət qaldığı oyunları çox görmüşük. Həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda belə misallar yetərincədi. “Kayrat”ın isə “Qarabağ”ı büdrətməyə gücü çatmadı. “Köhlən atlar” müdafiəyə çəkilən rəqibini sıxdı-sıxdı və sonda istədiyini aldı. Ssenari elə oldu ki, biz Ramil Şeydayevin qoluna qədər heç-heçəyə də razı idik. “Zenit” məktəbində dərs alan hücumçunun qolundan sonra isə qələbəni arzulamağa, ona daha böyük həvəslə inanmağa başladıq. Abbasın 91-ci dəqiqədə vurduğu qol isə möhtəşəm alındı. 


“Qarabağ”ın əzmkarlığına əhsən. Görünən odu ki, avrokubokların böyük təcrübəsi “Qarabağ”ın futbolçuların həm də əzmkarlığı öyrədib. Kurban Berdıyevin əlac tapa bilmədiyi ən böyük əngəl də o oldu. Bu əzmkarlığın qarşısında dayanmaq ötən axşam onun və komandasının bacaracağı iş deyildi!