Ayxan Abbasovun "Turan Tovuz"dan gedişi aydın səmada şimşək effekti yaratdı. Həqiqətən də, nə gözlənilən idi, nə də planda var idi. Abbasov gələndə 3 illik müqavilə bağlanmışdı və hədəf də ilk il Premyer Liqada qalmaq, ikinci il daha da möhkəmlənmək, üçüncü il isə daha yüksək hədəflər üçün oynamaq. İnsaf naminə Ayxan Tovuzda işlədiyi dönəmdə pis işlər görmədi. Məhdud büdcə ilə qısa zamanda döyüşkən komanda formalaşdıra bildi. Şəxsən mən yeni mövsümdən onun "Turan Tovuz"undan avrokuboklar uğurunda mübarizə gözləyirdim. Amma dediyim kimi, gözlənilmədən onunla yollar ayrıldı. Məlum olduğu kimi də bu qərar rəhbərlik tərəfindən verilib. Bu ayrılığa münasibət də birmənalı olmadı. Təəssüflənənlər də oldu, sevinənlər də. Mövsüm boyu dəstək olanlar təəssüfləndi, narazı olanlar, davamlı olaraq Ayxanın istefasını tələb edənlər isə sevindi. Hər nə olubsa, artıq geridə qaldı.

 

"Turan Tovuz" üçün yeni dönəm başlayır. Bəri başdan deyim ki, anidən strategiyanın dəyişməsi çox risklidir. "Turan Tovuz" rəhbərliyi bu mənada böyük riskin altına girir. Çox ümid edirəm ki, hər şey "Turan Tovuz", Tovuzun futbolsevər insanları, tovuzlular üçün uğurlu olacaq. Çünki Ehtiram Quliyev futbolu sevən, Tovuzu sevən, Tovuz futbolunun adını yüksəklərdə görmək istəyən insandı. Ona görə uğurlu, yaxud uğursuz olmasından asılı olmayaraq, istənilən addımının arxasında səmimi, saf niyyət durduğuna şübhə etmirəm. Qısa zamanda Tovuz futbolu üçün də çox böyük işlər görüb. Azarkeşlərlə son görüşündə müzakirə olunan məsələlərdən də xəbərdarıq, çox iddialı fikirlər səsləndirib, hiss olunur ki, adam "Turan Tovuz"u iddialı bir kluba çevirmək istəyir. Qurban Berdiyev kimi bir məşqçinin baş məşqçi postuna gətirilməsi də çox şeydən xəbər verir. Şəxsən mən bu təyinatı müsbət hesab edirəm. Hər zaman demişəm, illah da əcnəbi məşqçi olacaqsa, keçmiş SSRİ məkanından, xüsusilə də Rusiya və Ukraynadan olan mütəxəssislər bizim futbol üçün daha uyğundu. Özü də Berdiyev Azərbaycana hörmətlə yanaş mütəxəssislərdəndir. Hələ 2012-ci ildə "Neftçi" ilə Kazana səfər edəndə onun oyun öncəsi rəhmətlik Böyükağa Hacıyevlə necə səmimi görüşməsinin canlı şahidiyəm. Mütəxəssis kimi də çox güclü mütəxəssisdir, "Nou Kamp"da "Barselona"nın "Barselona" vaxtə bu komandanı məğlub etmiş məşqçidir. Şübhə etmirəm ki, onun gəlişi çempionatımıza əlavə rəng qatacaq. İlk gündən edilən transferlər də klubun iddiasından xəbər verir. Bir halda ki, startda iki legioner qapıçı alınır, gerisini özünüz fikirləşin. Ən çox dəstəklədiyim məsələ isə "Turan" adının yenidən kluba qaytarılması yönündə işlərə başlanmasıdır.

Nə deyək, xeyirli-uğurlu olsun!

 

Anar XANLAROV