
Berezutski Abasovun eyhamlı açıqlamasına cavab verdi
- 04 Mar 2025 22:40
- 40
“Sabah” Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Berezutski asan qollar buraxdıqlarını deyib:
“Demək olar ki, oyunda bir az üstünlüyümüz var idi. Çox sadə qol fürsətləri yaratdıq, qollar da vurduq. Amma bu qollardan sonra iki asan qol buraxdıq. Nəsə demək çətindir, amma iki qol vurduqdan sonra bu şəkildə asan qollar buraxmamalıyıq.
Futbolda bəzən konsentrasiyanı kifayət qədər qədər qiymətləndirməyəndə belə olur. Konsentrasiyanın itirilməsi, səhvlərin buraxılması nəticəsində qapılarda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün hətta qısa müddətdə belə, kosentrasiyanın itirilməsi qəbuledilməzdir”.
Ölkə kubokunun növbəti mərhələsindəki rəqibi “Neftçi”nin baş məşqçisi Samir Abasovun “Kəpəz”lə kubok matçından sonra oyunçusu Bassala Sambuya qırmızı vərəqənin verilməsi və belə görünür, “Sabah”la kubok oyununu nəzərdə tutaraq, bunun “düşünülmüş addım” olmasına eyham vurmasına rusiyalı çalışdırıcı belə cavab verib:
“Qeyd etmək istəyirəm ki, həmin epizodu görməmişəm. Ona görə də, bunun haqda nəsə deyə bilmərəm. Mən daha çox “Sabah”ın oyunlarına köklənirəm, öz matçlarımıza baxıram. Çox nadir hallarda başqa komandalar haqda fikir bildirirəm. Nəsə demək çox çətindir, amma biz “Sabah” olaraq heç vaxt hakimlərin işi barəsində danışmırıq və oyunçunun da “qırmızı” alması futbolun bir hissəsidir”.