Beş əvəzetmənin müsbət və mənfi tərəfləri: Diniyevlə Qurbanovun şərhi
- 18 May 2020 13:00
- 653
Rekored.az xəbər verir ki, AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında təşkil olunan iclasından da ümidverici xəbərlər çıxmadı.
AFFA, PFL və premyer-liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda bir çox vacib məsələlər müzakirə olunsa da, yarımçıq dayandırılan mövsümün davam etdiriləcəyi ilə bağlı bir cümləyə belə rast gəlmədik.
Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun da qatıldığı toplantıda bir neçə təklif səsləndirildi ki, onlardan biri də oyunlarda 3 fasilənin olması şərtilə 5 əvəzləmənin həyata keçirilməsi olub.
Yəni matçın axarına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək. Təklif bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin AFFA İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb.
Qərarın futbolçuların fiziki durumunun göz önünə alınaraq veriləcəyi dəqiqdi. Çünki uzun fasilədən sonra qarşılaşmalara köklənmək və fiziki cəhətdən hazır olmaq mümkün deyil. Təbii ki, bu durumda oyunçuların zədə riski arta bilər.
Ancaq mümkün qərarın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Axı, bir qarşılaşmada beş əvəzetmə gerçəkləşdirmək aşağı-yuxarı bütün sistemi dəyişmək anlamına gəlir. Bu aktual məsələyə şərh vermələri üçün mütəxəssislərə müraciət etdik (Futbol+)
Şahin Diniyev: “Ümumiyyətlə, hər bir qərarın mənfi və müsbət tərəfləri var. Məncə, bu, premyer-liqanın qısa vaxt ərzində yekunlaşması yolunda atılan addımdı. Çünki çempionatı tamamlamağı bacarmalıyıq. Üstəlik, oyunlar intensiv keçiriləcək. Həftə ərzində azı iki qarşılaşma baş tutmalıdı. Bu, yalnız bizdə yox, bütün Avropada belə olmalıdı. Bu isə futbolçuları böyük təzyiq altda qoya bilər. Çünki hazırlığa da çox vaxt olmayacaq. Klublara premyer-liqaya hazırlaşmaq üçün maksimum 3 həftə zaman verilə bilər. Təbii ki, belə olan halda oyunçuların orqanizmi bunu götürə bilməz. Damarlar, ağciyər, ürəyin fəaliyyəti yüklənə bilər. Buna dözmək asan deyil. Zədələr arta bilər. Bu baxımından 5 əvəzetmə yaxşı variantdı. Futbolçuları psixoloji və fiziki cəhətdən rahatlatmaq üçün. Məncə, vaxt itkisi də çox olmaz. Ancaq qərarın mənfi tərəfləri də var. Mən məşqçilərin hamısının bundan istifadə edəcəyinə inanmıram. Çünki bu komandanın ritimdən düşməsinə səbəb ola bilər. Futbolçunun oyuna girər-girməz uyğunlaşması çətin məsələdi. Oyunçuya müəyyən vaxt lazımdı ki, tam köklənə bilsin. Bütün bunlar görüşün tempinə də təsir edəcək. Üstəlik, beş əvəzetmə sistemi dəyişmək deməkdi. Oyun keyfiyyətiyinin aşağı düşməsi də qaçılmazdı. Əslində bu qərarda ən çox insan sağlamlığı nəzərə alınıb. Ki, həftədə iki dəfə oyunlar baş tutacaq, zədələr çox olmasın. Açığı, bu dəqiqə heç kim oyun keyfiyyətini düşünmür. Əsas olan futbolçuların sağlamlığıdı”.
Sənan Qurbanov: “Əvvəllər heyətdə 18 oyunçu olurdu, daha sonra bu sayı 23 etdik. Ancaq yenə də üç əvəzetmə edə bilirdik. Məncə, futbol qaydalarında çox dəyişiklik etdikcə, onun baxımlılığını öldürmüş oluruq. O dad, hiss qalmalıdı. Ümumilikdə üç əvəzetmə daha yaxşıdı. Ancaq bu qərarın müvəfəqqəti olduğunu nəzərə alsaq, hardasa başa düşmək mümkündü. Çünki çempionatda uzun müddətdi fasilədi, oyunçuları zədələnməməsi üçün belə bir qərar verilib. Ancaq yenə də ümid edirəm ki, bu qərar daimi olmayacaq. Bütün bunlarla yanaşı, bir oyunda beş əvəzetmə etmək çox riskli olar. Bəzən bir futbolçu dəyişməklə oyunun ritmini itirmiş oluruq. Çünki oyunçunun meydana çıxıb uyğunlaşması o qədər də asan deyil. Bu, komandanın yarısını dəyişmək deməkdi. Bəlli məsələdi ki, futbolçuları zədədən qorumaq üçün bu qərar verilib. Çünki iki-üç həftəyə komandaların tam hazır olması inandırıcı deyil”.