![photo](https://www.rekord.az/storage/uploads/5/neftci-2023.jpg)
"Beşiktaş"a yenilginin səbəbləri...
- 11 Avq 2023 01:44
- 367
“Neftçi”nin matçının videoyazısını izlədim, çünki paralel 3 oyuna baxmaq heç birinə baxmamaq deməkdi. Baxdım, qısa onu deyə bilərəm ki, bir az da sıxsaq, komanda “sorvat” olacaq, sonra toparlamaq mümkün olmayacaq.
“Beşiktaş” daha güclü komanda olduğunu ilk dəqiqələrdən göstərdi. Doğma meydan, azarkeş amilini bir kənara qoysaq, qələbəni daha çox istəyən tərəf də onlar idilər. Təxminən yarım saat ərzində “Neftçi”yə nəfəs almaq imkanı vermədilər, bizim birinci zonamızda hər topa pressinq elədilər, yarımmüdafiədə isə dayaq nöqtəsindəki boşluğumuzdan maksimum yararlandılar. Nə Fərid, nə Emin, nə də Ataa bu təzyiqin öhdəsindən gələ bilmədi, qonaqlar isə az qala dalğa kimi axırdılar. Bu axının qarşısında durmaq üçün keyfiyyətli oyunçular və həmin oyunçuların hazır, normal fiziki formada olması lazımdı. Bunu da görmədik. Birinci hissədə bir-iki uzaqdan zərbə xaricində “Neftçi” heç nə ilə yadda qalmadı.
Fasilədən sonra isə fərqli, daha aktiv və effektiv “Neftçi” gördük. Mutunun əvəzetmələri özünü göstərdi. Düzdü, “Beşiktaş” da lazımi üstünlüyü əldə edib bir qədər ehtiyatlı oynadı, müdafiədən, əks-hücumda bəxtini sınayaraq çıxmağı seçdi, əsas heyət oyunçularından bəzilərini qorudu. Buna rəğmən “Neftçi” yaxşı idi. Ləng və tam hazır olmasına baxmayaraq Olanare xeyli iş gördÜ, Ozobiç böyük fərq hiss etdirdi. Məhz bu dəyişikliklərdən sonra bakılılar rəqibə təzyiq etməyə, topu daha tez alaraq daha qısa məsafədə hücuma keçməyə başladılar. Cinahlar işə düşdü, Lebonu, hətta Şinyaşikini “gün üzündə” görə bildik. Qonaqların 3-cü qolu sadəcə Koffinin komandaya uyğunlaşma prosesi keçməməsinin səbəbi idi və ümumi mənzərədən kənar sayıla bilərdi. Ümumən ikinci hissə “Neftçi”nin aktivinə yazıldı.
Amma…
Amma bu oyun bərabərliklə bitə bilərdi. Belə olmamasına səbəb komandanın hazır olmamasıdı. 2 aydı dirənmişik, deyirik məşqçi gətirin. Burda məsələ Mutu və ya digəri deyil. O olmasın, bir başqası olsun. Kim idisə tez gətirilməliydi. Ki, öz mexanizmini qurub, daha effektiv çalışa bilsin. Toplanışa startı Getman verdi, bir cür oynatdı, Rusiyadakı turnirin ortasında Mutu gəldi, o da toparlayana qədər vacib matçlar oynandı, tur da əldən çıxdı, Liqada Gəncə səfərindən də əliboş dönüldü. Üstəlik, komanda yorğundu. “Matç TV” Kuboku bu mövsüm “Neftçi”yə çempionluq şansının əldən getməsinə səbəb ola bilər. Ordakı intensiv hazırlıq, güclü rəqiblərlə rəsmi matç səviyyəsində 4 oyun öz mənfi effektini hələ sentyabrın sonları, oktyabrın əvvəllərində yenə verə bilər.
Bir tərəfdən də transferlər gec edildi, onların da uyğunlaşması xeyli vaxt aparacaq. Yaz gələr, yonca bitər misalı… Yol verilən ardıcıl səhvlərin syahısı çox uzundu, sabah qədər sadalasaq bitməz.
“Neftçi” ciddi təzyiq altındadı. Bu təzyiq artdıqca, komandanın “şurup”u sıxılacaq, məcburən yenə sıxılacaq və “sorvat” olacaq, başqa sözlə “yanacaq”. Bu baş versə, mövsümü elə payızda bağlamaq olar. Bəlkə də “Beşiktaş”a məğlubiyyət, turun keçilməməsi bir baxımdan komandanın xeyrinə işləyə, əlavə yükü qaldıra bilər.
Şər deməsən, xeyir gəlməz.
Kənan Məstəliyev, Rekord.az