“Beşiktaş”ın futbol direktoru Feyyaz Uçar komandanın gənc ulduzu Semih Kılıçsoyun gələcəyi barədə açıqlama verib. “Rekord.az” xəbər verir ki, “Azərbaycan Radiosu”nda yayımlanan “Sport plyus” verilişinə danışan mütəxəssis, adlarını açıqlamadığı klubların sayı çox olsa da, bu oyunçunu heç kimə vermək niyyətində olmadıqlarını bildirib: “Semihi heç kimə verən deyilik. O, klubumuzun yetirməsi, övladıdı, hələ təzə-təzə oynamağ başlayıb. Cəmi 18 yaşı var. İlk hədəfimiz onun bu yay keçiriləcək Avropa çempionatına yollanacaq Türkiyə yığmasında yer almasıdı. Çox istedadlıdı, son illərdə Türkiyə futbolunun yetişdirdiyi ən önəmli ulduzlardan biri olacaq. Biz ən azı yayın sonuna qədər gözləyəcəyik. Avropada onu istəyən çox klub var. Amma indi bu fikirdən uzağıq, onu heyətimizdə saxlayacağıq”.

 

Azərbaycandan futbolçu transfer etmək fikirləri barədə Uçar bunları deyib: “Sizi özümüzdən ayırmırıq. Gətirmək istədiyimiz oyunçuları öz gözlərimlə görməliyəm, ona görə də imkan tapıb Azərbaycana gələcəm. Bilirəm ki, istedadlı oyunçularınız var və onları “Beşiktaş”a qazandırmaq istəyirik. Bu istiqamətdəki çalışmalarımız 1-2 ay ərzində başlayacaq”.