Beyl Azərbaycana gələsi olmadı
- 10 Noy 2019 15:00
- 902
AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək son oyunlar üçün Uels yığmasına çağırılan Qaret Beyl "Real"ın daha bir görüşünü buraxacaq.
Rekord.az xəbər verir ki, ulduz futbolçu La Liqanın XIII turu çərçivəsində "Eybar"la bu gün baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.
Uels millisinin baş məşqçisi Rayan Giqqz sonuncu dəfə ötən ay Xorvatiya ilə görüşdə meydanda olan komandanın liderinin bugünkü oyunda iştirakına ümid edirdi.
O, Azərbaycanla qarşılaşma öncəsi Beylin oyun praktikasından əziyyət çəkdiyini və "Eybar"la oyunda bir neçə dəqiqə meydanda olmasının yığmaya xeyir verəcəyini düşünürdü.
Lakin "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan 30 yaşlı forvardın hələ hazır olmadığı qənaətindədi. Bu səbəbdən fransalı mütəxəssis onu matçın iştirak ərizəsinə salmayıb. Zidan qərarını bu cür əsaslandırıb:
"Beyl və Hames Rodriges məşqdə iştirak edirlər. Ancaq oynamağa hazır deyillər. Ardından yığmalarına yollanacaqlar. Orda oynamağa hazır olub-olmadıqlarını müəyyənləşdirmək üçün 5-6 gün vaxtları olacaq".
Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.