Beynəlxalq Savat Federasiyası Rusiya və Belarus təmsilçilərini bütün yarışlardan kənarlaşdırdı
- 07 Mar 2022 15:46
- 733
Beynəlxalq Savat (Fransız boksu) Federasiyası (FİSav) da Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyan federasiyalar sırasına qoşulub. Əsas səbəb isə eynidir: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və bu hücumlar zamanı Belarus dövlətinin yardımçı olması. Bununla bağlı Beynəlxalq Savat (Fransız boksu) Federasiyası (FİSav) prezidenti Julie Qabriel bəyanat yayıb. Bəyanatda deyilir:
"Beynəlxalq Savat Federasiyası (FİSav) idmanın bütün siyasi mübahisələrdən kənarda dinc ünsiyyət və dostluq rəqabətində birləşmiş daha yaxşı dünya quracaq gücə malik olduğuna inanır. FISav Ukraynada günahsız insanlara qarşı amansız hücumları qətiyyətlə pisləyir və buradakı savat ailəsinin təhlükəsizliyindən dərin narahatdır.
Biz ədalət dəyərləri altında Olimpiya Hərəkatı ilə birləşmişik və öz hökumətlərinin qərarlarında fəal iştirak etməyən idmançıların cəzalandırılmamasının tərəfdarıyıq. Biz həmçinin heç bir ayrı-seçkilik olmadan hamı üçün ədalətli yarışlara sadiqik. Bununla belə, Rusiya və Belarus idmançıları yarışlara gedə bilsələr də, Ukraynadan olan bir çox idmançı ölkələrinə hücuma görə bu imkana malik deyil.
Beynəlxalq Olimpiya Komitəsi ilə həmrəy olaraq FİSav Rusiya və Belarus idmançılarının və rəsmilərinin beynəlxalq yarışlarda iştirakını dayandırır. FİSav Rusiya və ya Belarusda Savat tədbirlərini təşkil etməyəcək və tanımayacaq. Ukraynaya qarşı haqq pozuntuları bitənə qədər tədbirlərdə Rusiya və Belarusun heç bir dövlət bayraqları, simvolları, rəngləri və ya himnləri nümayiş etdirilməyəcək və səsləndirilməyəcək.
Biz Ukraynadakı savat ailəsinin üzvləri ilə əlaqə saxlamışıq və hər cür humanitar və ya imkan daxilində digər köməklikləri etməyə çalışacağıq. Biz dünya savat ailəsindən xahiş edirik ki, UNHCR (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı), UNICEF və ya Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı vasitəsilə əziyyət çəkənlərə dəstək təklif etməyi düşünsünlər. Fikirlərimiz bu müharibədən əziyyət çəkən bütün insanların yanındadır və biz münaqişənin sülh yolu ilə və dərhal sona çatmasına ümid edirik".
Hörmətlə, FİSav prezidenti
Julie Qabriel