“Matça yaxşı başlamadıq. Bəzən oyun istədiyimiz kimi getmirdi. Amma sonradan toparlanıb, ilk hissənin sonlarında qol vurduq”.

Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda “CBC Sport”a açıqlamasında deyib.

“Qarabağ”ın 25 yaşlı müdafiəçisi rəqibin kifayət qədər yaxşı komanda olduğunu bildirib:

“Son dəqiqələrdə penaltidən top buraxsaq da, final fitinədək vəziyyəti yenidən öz xeyrimizə dəyişə bildik. Yaxşı mübarizə apardığımız və 3 xal qazandığımız üçün xoşbəxtik”.

Slovakiya ilə matça start heyətində çıxan Bəhlul Mustafazadə sonadək meydanda olub.