“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri görüşdən sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


“Oyun gözlənilən kimi gərgin və sərt başladı. Bilirdik ki, "Kəpəz" aqressiv oynayacaq. Birinci hissə bizim üçün ağır keçdi. Buna baxmayaraq iki baxımlı qol vurduq. Rəqiibn ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını bilirdik. Belə də oldu. Şükürlər olsun ki, 3-cü qolu vura bildik. Bizim üçün çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm.


Tyaqo Silva çox yaxşı formadadır. Bizim bir nömrəli qapıçımız Silvadır. Aralarında rəqabət var. İmkan olsa, Silvanı çıxarardıq. Amma Aydın da ona göstərilən etimadı doğruldur. Təkcə Tyaqo deyil, bəzi futbolçuları limitə görə oynada bilmirik. Əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən bunları nəzərə almışdıq. Elçin Əlicanov da uzun müddətdir oynamırdı. Amma inamlı çıxış edir. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, 11 dəyişilməz oyunçu olmasın. Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın. Komandamızda sağlam rəqabət var”.