Bu yaxınlarda millimizin sabiq qapıçısı Kamran Ağayev “Futbol plus” qəzetinə geniş müsahibə verib. Müsahibə zamanı futbolumuzdakı nöqsanları çılpaqlığı ilə dilə gətirən Ağayev AFFA-nın ünvanına da sərt ittihamlar səsləndirib. Həmin ittihamlardan biri də federasiyanın futbol veteranlarına yetəri diqqət ayırmaması, onların işlə təmin olunmasına yardım göstərməməsi ilə bağlı olub. Müshaibədən bir neçə gün sonra isə AFFA müsahibənin dərc olunduğu “Futbol plus” qəzetinə məktub göndərərək Ağayevin ittihamlarılna cavab verib. Təbii ki, federasiya hər məsələdə özünü haqlı, Ağayevi haqsız çıxarmağa çalışıb. Diqqətimi daha çox çəkən isə məhz veteranlarla bağlı ittihama cavab idi. Məktubda həmin hissə belə yazılıb:

 

“Kamran guya AFFA-da bir nəfər də olsun, futbol veteranının çalışmadığını deyir. Ona bir neçə ad xatırlatmaq, fikrimizcə, bu ittihamın da əsassız olmasının sübutuna kifayət edər. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev, İsgəndər Cavadov və Vaqif Sadıqov futbol veteranı deyilmi?! Yoxsa Kamran Ağayev Məşqçilər Komitəsində çalışan Ağasəlim Mircavadovu, Şakir Qəribovu, Şahin Diniyevi futbol veteranı hesab etmir?! Bəs Rüstəm Rəhimov, Asim Xudiyev, Cahangir Həsənzadə, Aslan Kərimov necə, onlar da Kamranın yanaşmasına görə futbol adamları deyil?!”

 

Əslində yalan heç nə yoxdur. Adları çəkilənlər hamısı həqiqətən də futbol veteranlarıdı. Amma...

 

Gəlirəm həmin bu əmmalı ammaya. Adları sadalanan şəxslər futbol veteranı olsalar da hazırkı dönəmdə faktiki passiv kadrlardı. Yəni AFFA onların hamısını aktiv futboldan kənar tutub. Heç biri öz sferalarına uyğun işləmir. Hələ Məşqçilər Komitəsi yarananda dəfələrlə bildirmişdik ki, federasiya bu komitəni yaratmaqla futbol veteranlarının ağzını yummaq istəyir.  Yəni onları bir dam altına yığıb ayda 3-5 manat verəcək, əvəzində bu cür ittihamlar olanda sipər kimi qabağa ötürəcək. Məşqçilər Komitəsinin sözünü heç saya salan, onların fikirlərinə önəm verən yoxdur. Səmimi etiraf edim ki, yalnız Şahin Diniyev tribuna verilən zaman futbolumuzdakı problemləri qabardır. Qalanları ya susur, ya da malalayır. Məktubda İcraiyyə Komitəsində yer alan Kazbek Tuayev, Vaqif Sadıqov və İsgəndər Cavadovun adları qeyd olunub. Əcaba, adları çəkilən şəxslər bu günə kimi hansı bir səmərəli təkliflə çıxış edib? Yaxud hansı iclasda futbol ictimaiyyətininn haqq səsini ucaldıb. Onların işi ancaq səliqəli kostyum, qalstukla iclaslara gəlmək və futbolumuzun gələcəyinə zərbə vuran qərarlara əl qaldırmaqdan ibarətdir. Əvəzində hər ay “paket” alırlar, milli və klublarla səfərlərə çıxıb dünyanı gəzirlər.

 

Azərbaycanda futbol hakimliyi rəzil gündədir. Ştuxlik kimi heç öz ölkəsində dəyər verilməyən, işində ciddi nöqsanlara yol verdiyi üçün federasiyadan qovulan birini gətirib ən yüksək post veriblər ki, guya bizə hakim yetişdirib ağ günə çıxardacaq. Fəaliyyətini isə hamımız görürük. Olan-qalan hakimliyimizi də məhv eləyib. Rüstəm Rəhimov və Asim Xudiyev bir dəfə ağızlarını açıb bu haqda danışıblar? Bir dəfə də olsun Azərbaycan hakimliyindəki problemlərini dilə gətiriblər? Danışa bilməzlər. Çünki onlar da veteran futbolçular kimi, AFFA-nın yanında boğazdılar. Həm onlar, həm də futbol veteranları bu gün AFFA-ya öz məkrli niyyətləri üçün lazımdılar. Guya veteranlara diqqət görüntüsü yaradıb hamısının ağzını 3-5 manatla yumurlar, bu cür ittihamlar, təzyiqlər olanda dərhal önə çıxardıb özlərini müdafiə üçün istifadə edirlər.

 

Anar XANLAROV