Biabırçılıq: üzgüçülərimiz pulsuzluz ucbatından Avropa çempionatına gedə bilmədi
- 04 Noy 2021 10:30
- 451
Azərbaycan üzgüçülərinin Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında iştirak edə bilməmələrinin səbəbi bəlli olub.
Rekord.az xəbər verir ki, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun verdiyi məlumata görə, idmançılar maliyyə probleminə görə yarışa yollana bilməyib.
Mütəxəssis bildirib ki, əvəzində öz hesablarına Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq turnirə qatılıblar: "Orada Azərbaycanı 4 idmançı - Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Fatimə Alkərəmova və Rəşad Alquliyev təmsil etdi. Onlardan Şeyxəlizadəxangah 2 qızıl və 2 bürünc medal, Alquliyev 2 bürünc, Vəlizadə isə 1 bürünc medal Vətənə qayıtdı. Ümumilikdə, 2 qızıl, 5 bürünc medal qazandıq. Alkərəmova isə finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilmədi".
Əbdürəhmanovun sözlərinə görə, yığma 13 - 22 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək dünya çempionatına və 26 - 28 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq ölkə çempionatına hazırlaşır: "Gənclər və İdman Nazirliyi söz verib ki, bizi dünya çempionatına göndərəcək. Nazilrliyə heç bir etirazım yoxdur, bizi maliyyələşdirəcək. Açığı, bunu federasiyadan gözləyirdik, amma imkanları olmadığı üçün alınmadı".
mənbə: report.az