Səhv etmirəmsə, ötən ay hökumət səviyyəsində belə bir məlumat paylaşıldı ki, ölkə üçün həssas hesab olunan adlardan istifadə üçün xüsusi icazələr olmalıdır. Məsələn, deyək ki, hər yerindən duran adam Şuşa adından istifadə edib özünə xal qazana bilməz. Hər yerindən duran Şuşa adından istifadə edib özünə komanda yarada, obyekt aça bilməz. İlk anda məndə belə təəssürat yarandı ki, hökumət bu cür adları özününküləşdirmək istəyir. Amma "İrəvan"la bağlı yaşanan məlum qalmaqaldan sonra hökumətə haqq verməyə başlamışam. Həqiqətən də elə adlar var ki, onların məsuliyəti ağırdı və hər adama imkan vermək olmaz ki, o adlardan sui-istifadə edib hörmətdən salsın. "İrəvan" rəhbərliyi kimi.

 

İrəvan Azərbaycanın tarixi torpağıdır. Bu adın məsuliyyəti də böyükdür və hər kəs bunu dərk etməlidir. Adi bir misal deyim. Hazırda jurnalistlər arasında mərhum həmkarımız Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan "Media turnir"i keçirilir. Biz də həmin turnirdə "Zəngəzur" adı ilə çıxış edirik. Turnirdən öncə ad seçimini edəndə, kapitanımız Kənan Məstəliyev tərəddüdlə dedi ki, "bəlkə başqa ad seçək, bu adın yükü çox ağırdı". Yəni biz bu gün həvəskar şəkildə hansısa media turnirində oynamağımıza baxmayaraq, Zəngəzur adının ağırlığını, məsuliyyətini dərk edirik. Amma təəssüf ki, İrəvan kimi bir bölgənin təmsilçiliyini üzərinə götürüb peşəkar klub yaradanlar, 20 milyonluq layihədən, Premyer Liqaya vəsiqədən dəm vuran bəziləri bunun fərqində deyil. Başa düşmürlər ki, bu cür adları öz üzərində daşıyırsansa, onu məsuliyyətlə, layiqincə daşımalısan. Belə olmasaydı, 5 tur tamamlanmamış özlərini biabır edib, bu cür məsuliyyətli adın nüfuzuna xələl gətirməzdilər. Sən əgər I liqada oynayan futbolçuya maaş verə bilmirsənsə, hansı üzlə Premyer Liqadan, gələcəyin böyük layihəsindən dəm vurursan? Hansı böyük layihədən danışırsan ki, futbolçun 3 aydır maaş almır və haqlı olaraq da oyuna çıxmaqdan, səfərə yollanmaqdan imtina edir?

 

Futbolçuları, məşqçilər korpusunu qətiyyən qınamıram. 3 ay maaş almaya-almaya lider olmaq futbolçu və məşqçilər korpusunun üzərlərinə düşən işin öhdəsindən gəldiyinin bariz sübutudur. Bunu bacarmayan klubun başında duran rəhbərlikdi. İrəvan adının məsuliyyətini daşımağa layiq və hazır olmayan rəhbərlik.

 

Anar XANLAROV