İtaliyanın “Parma” klubunun futbolçu və məşqçi heyəti bir aylıq məvaciblərindən imtina ediblər.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, futbolçu və məşqçilərlə yanaşı, klubun digər çalışanları da aylıq maaşlarından imtina ediblər. Onlar koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar kluba dəstək olmaq üçün belə bir fədakarlığa əl atıblar.

Klubun açıqlamasında bildirilir ki, əsas komandadan fərqli olaraq, aşağı yaş qrupları üzrə kollektivlərdə yer alan oyunçular və digər heyətin maaş qrafikində heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, “Parma” yarımçıq dayandırılan A Seriyasında 25 oyuna topladığı 35 xalla 9-cu pillədə qərarlaşıb.