Bir oyunda 5 debüt və ilk syerra-leoneli
- 04 Fev 2020 20:00
- 671
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sabah”la oyunu (2:0) beş futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, Ağabala Ramazanov, Rauf Hüseynli, George Anton, Ali Sisey və Davit Volkov start heyətində meydana çıxaraq “qartallar”ın heyətində ilk rəsmi matçlarını keçiriblər.
Bununla da Premyer Liqada komandanın formasını geyinən oyunçuların sayı 85-ə çatıb. “Sabah”la qarşılaşmayadək bu rəqəm 80-ə bərabər idi.
Bu 85 oyunçudan 42-si Azərbaycan vətəndaşı, 43-ü legioner statusu daşıyır. Anton 2-ci moldovalı, Volkov 2-ci gürcüstanlıdı. Sisey isə “Zirə”nin tarixində Syerra-Leonedən olan ilk futbolçudu. Bu, futbolçusu “Zirə”də oynayan 28-ci xarici ölkədi. Aliyə qədər 27 ölkədən olan legionerlər “qartallar”ın şərəfini qoruyub: Fransa – 4, Monteneqro, Nigeriya, Serbiya – 3, Braziliya, Gürcüstan, Haiti, Moldova, Paraqvay, Rumıniya – 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, MAR, Peru, Portuqaliya, Qana, Salvador, Syerra-Leone, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – 1.