Murad Musayevin “Kəpəz”lə oyuna təcrübəsiz qapıçıyla çıxmasına xeyli təəccübləndim. Masazırdakı qarşılaşmanı izləməyə yaxın dostumla getmişdik. Mən oyunun iştirak ərizəsinə baxan kimi fikrimi onunla bölüşdüm. O da komandalar meydana çıxanda gülümsəyərək, “bu Rüstəmdə heç qapıçı “vidi” yoxdu ki” dedi. 


Bəlkə də Rüstəm Samiqullin gələcəkdə yaxşı qapıçı olacaq. Hətta mümkündür ki, adam “Sabah”ın məşqlərində can qoyur, özünü məşqçilərə yaxşı tərəfdən göstərməyə çalışır. Amma fakt faktlığında qalır ki, bu gün Samiqullin Premyer Liqa oyununda əsas heyətdə meydana çıxacaq, müdafiəçi yoldaşlarında etibarlı qapıçı kimi özünə əminlik yaradacaq qapıçı deyil. Onun bioqrafiyası, futbolçu keçmişi ilə bağlı internetdə elə də ətraflı məlumat da yoxdu. Bir müddət Rusiyanın aşağı liqalarında gününü keçirib, sonra da hansısa gözəgörünməz əllər onu “Səbail”in ikinci komandasına gətirib. Ordan da “Sabah”a keçib. “Kəpəz”lə oyundan bir gün əvvəl isə klubun rəsmi saytı vasitəsiylə azarkeşlər müjdələnib. Samiqullinlə birlikdə Yusif İmanov “Sabah”la müqaviləsini yeniləmişdi. Bu siyahıda digər qapıçı Nicat Mehbalıyevin adı yoxdur. Bütün sirr də bu məqamdadır.


Qayıdaq “Kəpəz”lə oyunun 90 dəqiqəsinə. Həmin o 90 dəqiqə bizim start fitindən öncəki ehtimallarımızı doğrultdu. Həyəcanlı qapıçı əvvəlcə adi vəziyyətdə Amid Seydiyevin geriyə ötürməsini Şuaybuya hədiyyə etdi. Nigeriyalı da bu fürsəti qaçırmadı. İkinci qolda isə Rüstəmin “rolu” daha acınacaqlı oldu. Nə “canlı sədd” düzgün qurulmuşdu, nə də qapıçının mövqeyi doğru idi. Heç topa reaksiya da futboldan cüzi anlayışı olan, birbalaca qapıçılığı bacaran adamın reaksiyasından olmadı. Mən Murad Musayevin oyundan sonra düşündüyü kimi, bütün günahı qapıçının üzərinə atmaq fikrində deyiləm. Rüstəmin bacardığı odur. Amma təcrübəsiz qapıçını da belə çətin məqamda oda atanlar, hazırlıqsız birini “çərçivə”yə qoyanlar da bu məsuliyyətdə pay sahibidilər axı.


Mətbuat konfransında Murad Musayev Nicat Mehbalıyevlə bağlı sualın cavabında klub rəhbərliyini nişan verdi, Nicatın niyə əsas komandada olmamasının səbəbini onlardan soruşun dedi. Səbəb isə aydındır. Ceyhun Nuriyevlə Mehbalıyev rəhbərliyin yeni müqavilə istəyini geri çevirdiklərinə görə bu cür cəzalandırılıb. Yumşaq desək, heç bir peşəkar klubda belə etmirlər. Görünən odur ki, Yusif İmanovla bağlı problemlər də var. Onu da çətinliklə yola gətiriblər, “yerini göstərmək” üçün də “Kəpəz”lə oyunda Yusifi ehtiyatda saxlayıblar. Rəhbərliyin, ya Musayevin yersiz inadkarlığı, qeyri-peşəkarlığı “Sabah”ı çox vacib iki xaldan etdi. Xaldan daha vacibi isə komandanın özünə inamının sarsılması, daxildəki problemlərin meydandakı nəticələrin fonunda el-aləmə faş olmasıdır.


Şakir Seyidov “Sabah”a qarşı can qoyurdu, “Kəpəz”in ən yaxşılarından idi. Bu da səbəbsiz deyil. Xırdalanlı futbolçuya “Sabah”da “yer tapılmayıb”, onu icarəyə veriblər. Kamran Quliyev də “Şamaxı”dan icarədən qayıtdıqdan sonra “Sabah”da soyuq münasibətlə üzləşmişdi, adamı heç toplanışa aparmaq üçün viza alınacaq futbolçuların siyahısına salmamışdılar. Kamran artıq “Sumqayıt”da qol hesabını da açıb. Onun komandası da “Sabah”ı 3 xal qabaqlayır. Deməli, sabah Nicatın, Ceyhunun, lap elə Yusifin də eyni yolu tutması realdır.


Papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı düşünün cənablar. Futbolçularınıza sahib çıxın, Mikels kimi “bakılı balası” gəldi-gedərdi. Özü də itirdiyiniz təkcə futbolçular olmur, qızıldan qiymətli xallar da gedir...