Noyabrın 13-də AFFA İcraiyyə Komitəsinin üzvü, “Şöhrət” ordenli futbol veteranı, SSRİ idman ustası, Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, millimizin və “Neftçi”nin sabiq baş məşqçisi Kazbek Tuayevin doğulduğu gün idi. Builki doğum günü Tuayev üçün xüsusi əlamətdar sayılmalıdı. Çünki qocaman futbol adamı 80 yaşını tamamladı. Mətləbə keçməzdən öncə yubilyarı səmimi qəlbdən təbrik edirəm, ona gümrahlıq və can sağlığı arzulayıram.


Bu ilin avqustunda milli komandamızın sabiq həkimi Boris Xetaqurovun da doğum günü idi. Onun da 80 yaşı tamam olurdu. AFFA-nın yubiliyara laqeyd yanaşması, onu layiqincə təbrik etməməsi həmin vaxt ciddi ajiotaja səbəb oldu, idman ictimaiyyətinin və mətbuatın vicdanlı kəsmi bu laqeydliyə etirazını bildirdi. Sonradan məlum oldu ki, AFFA Boris Xetaqurovun yubileyini urvatsız şəkildə təbrik etmək istəyirmiş. Ssenari belə qurulub ki, sürücülərdən biri vasitəsiylə ona kürəyinə “80” yazılmış milli forma göndərsinlər. Həmin formayla həkimin şəkli çəkilsin və yayımlansın. Ad da olsun ki, AFFA Boris Xetaqurovun yubileyini təbrik etdi. Biz bütün bunları sonradan bildik. İllərini Azərbaycan futboluna xərcləmiş, futbolçularımızın sağlamlığının keşiyində layiqincə dayanmış Xetaqurov həmkarımız İlkin Fikrətoğlu ilə söhbətində bütün bunlar barəsində göz yaşları içində danışırdı. AFFA-nın belə davranışının səbəbləri isə bizim hamımıza bəllidi. “Boz bina”da oturanlar millidə yerli kadrların işləməli olduğunu deyən Xetaqurovu sevmirlər.
Amma Kazbek Tuayev Xetaqurov kimi davranmır. İllərdi AFFA rəhbərliyinə sədaqətlə xidmət edir, Elxan Məmmədovun bütün fikirlərini İcraiyyə Komitəsinin iclaslarında ikiəlli dəstəkləyir. AFFA-ya yaxınlığı ilə seçilən mətbu orqanlarda Tuayevin açıqlamalarına sevə-sevə yer verirlər. Qocaman məşqçi də gözünü yumur, ağzını açır. Bəzən qəzəb, bəzən də gülüş doğuran, reallıqdan uzaq olan açıqlamaları ilə “zövqümüzü oxşayır”. Buna görə də AFFA-nın Kazbek Tuayevin 80 illik yubileyinə biganə yanaşmasını anlamağa çətinlik çəkdim. Nə qurumun rəsmi “feysbuk” səhifəsində, nə də saytında yubileylə bağlı hansısa təbrikə yer verilməyib, Tuayevi yada salmayıblar. 
Sözün düzü, “Neftçi”nin saytında Samir Abasovun Tuayevi klub adından təbrik etməsiylə bağlı fotoşəkil yer almasaydı, bizim də yubileydən xəbərimiz olmayacaqdı. 13 noyabrdan düz 6 gün sonra “Neftçi” Tuayevi onun iş otağında təbrik edib. Bunun üçün komandanın formasını Samir Abasova verib, yubilyarın iş yerinə göndəriblər. Sözün düzü, təltifetmə mərasimindən çəkilmiş şəklə baxanda Kazbek Əliyeviçə görə narahatçılıq keçirdim. Koronavirus pandemiyası ölkəmizdə tüğyan edir, karantin qadağaları sərtləşdirilir. Bundan sonra nəinki qapalı yerlərdə, hətta açıq məkanlarda tibbi maska taxmaq zəruri olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah yaşı 65-dən yuxarı olan şəxsləri evdən çıxmamağa çağırır. Amma 80 yaşlı Tuayev qapalı məkanda maskasız və sosial məsafə qorumadan təbrik qəbul edir. Allah qorusun, virus futbol veteranına yaxın gəlməsin.


AFFA-nın susduğu yubileyə “Neftçi”nin 6 gün sonradan reaksiya verməsi də bir başqa müəmmadı. İllərdi tutduğu mövqeyə, hər cəhdində AFFA-nın yanlış futbol siyasətini dəstəklədiyinə, qaraya ağ deməkdən belə çəkinmədiyinə görə azarkeşlərin sevmədiyi Tuayev yubiley günündə unuduldu. Nə üçün, Kazbek Əliyeviç? AFFA-ya göstərdiyiniz xidmətlər bir “quru” təbrikə də dəymədimi?