“Hamımız bir olmalıyıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxara bilək”.

Rekord.az xəbər verir ki, bunu “Kəpəz” yeni transferi Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Futbolçu Gəncə təmsilçisinə transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:

“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur. Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.

Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb:

“Hücum xəttində məşqçilərin seçim imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.

Paçu komandanı düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu əlavə edib:

“Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.