“Şamaxı”nın baş məşqçisi postu ətrafında yaşananlar sözün əsl mənasında teatr oldu. Öncə Rüstəm Əliyev baş məşqçi postuna təsdiqləndi və mətbuata onunla yeni müqavilə ilə bağlı rəsmi məlumat verildi. Bir müddət sonra həmin bu müqavilə qüvvədə ola-ola Cavid Hüseynovla danışıqlar aparıldığı, yekunda onunbu posta təyin olunduğu məlum oldu. Yekunda ortada gülməli durum yarandı. Belə ki, rəsmi baş məşqçi Rüstəm Əliyev ola-ola Cavid Hüseynov heyət yığmağa başladı. Bir qədər sonra isə məlum oldu ki, Hüseynovun Premyer Liqada baş məşqçi olması üçün PRO kateqoriyası yoxdur. Bundan sonra baş məşqçi postu rəsmi olaraq, kağız üzərində Vüqar Əsgərova tapşırıldı. Yəni “Şamaxı”nın rəsmi baş məşqçisi o təyin olundu. Cavid Hüseynov isə onun köməkçisi kimi təsiq olundu. Realda isə bütün məşqlərə, sistemə, heyətə nəzarət və söz sahibliyi Hüseynova tapşırıldı.

Rekord.az-a isə “Şamaxı”nın baş məşqçisi postu ilə bağlı daha bir maraqlı məlumat daxil olub.

Həmin məlumata görə, əslində “Şamaxı”nın baş məşqçisi Aftandil Hacıyev olmalı idi. Onunla Şamaxı rayon rəhbərliyi arasında konkret söhbət və razılıq da olub. Lakin sonradan “yuxarı”dan gələn bir zəng hər şeyi dəyişib. Hacıyevə də bununla bağlı açıq deyilib: elə yerdən zəng gəlib ki, imtina etmək olmaz. Məhz həmin zəngdən sonra Hacıyevlə şifahi razılaşma ləğv edilib və Hüseynov “Şamaxı”ya dəvət olunub.