“Birlikdə üzək” yarışının qaliblərinə mükafatlar təqdim edilib
- 05 Yan 2023 14:00
- 445
Gənclər və İdman Nazirliyi dekabrın 24-dən 26-dək “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirib. Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində keçirilən yarışlarda ümumilikdə 3 gün ərzində 1155 iştirakçı üzüb.
Yanvarın 5-də Bakı Su İdmanı Sarayında yarışların mükafatlandrıma mərasimi keçirilib.
Qeyd edək ki, ölkəmizin 30 idman kompleksində eyni vaxtda başlanan yarış canlı olaraq izlənilib. Bütün iştirakçılara sertifikat və medallar təqdim edilib. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar (hər yaş qrupu üzrə ilk 3 yeri tutanlar) qalib elan ediliblər. Onlar müvafiq diplom, medal və hədiyyə olaraq üzgüçülük hovuzlarına abunəlik qazanıblar.
Xatırladaq ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Turnirdə 9 yaşdan yuxarı müxtəlif yaş qrupları üzrə (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar, ümumlikdə 29 kateqoriyada yarışıblar. Ən gənc iştirakçının 9, ən yaşlısının isə 76 yaşı olub. Bakı Su İdmanı Sarayından sonra ən çox iştirakçı Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzi və İsmayıllı Olimpiya İdman Kompleksində qeydə alınıb.