Bitməyən matç və ya 55 yaşın mübarək, Sulya!
- 17 Fev 2020 18:00
- 1123
Bu gün Azərbaycan futbolunun qızıl 10-luğuna layiq olan Nazim Süleymanovun 55 yaşı tamam olur.
Əvvəlcə gəlin bir vaxtlar “Real” Madrid kimi klubun diqqətini cəlb etmiş yubilyarın həyatına qısa nəzər salaq.
Rekord.az xəbər verir ki, Nazim Hacıbaba oğlu Süleymanov 17 fevral 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından “Neftçi” İdman Cəmiyyətinin Sumqayıtda yerləşən filialında futbola başlayan Nazim 17 yaşında "Neftçi İSM"in komandasında debüt edir. İstedadlı futbolçu 1981-ci ildə Ağdamda keçirilən turnirin çempionu olduqdan sonra mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Mingəçevirin “Avtomobilçi” klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası “Neftçi” klubuna dəvət alır.
Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1995-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, kimi klubların da adı var. Oyunçu karyerasını başa vuran Nazim Süleymanov 2000-ci ildə Moskvada ali məqşçilik məktəbini bitirərək məşqçilik fəaliyyətinə start verir.
Rusiya çempionatında futbolçu kimi sonuncu klubu olan Soçinin “Jemçujina” klubunun əvəzedici heyətində 2001-ci ildə məşqçi kimi debüt edən Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. 2002-ci ildə soçililərin əsas komandasında məşqçilik fəaliyyətini davam etdirir. 2003-cü ildə vətənə dönən Süleymanov milli komandada seleksioner məşqçi kimi çalışdıqdan sonra 2004-cü ildə yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. 2018-ci ilə qədər müxtəlif klublarda və yığmada məqşçilik fəaliyyətini davam etdirən Nazim Süleymanovun son iş yeri elə doğma şəhərinin eyniadlı klubu "Sumqayıt" olur. Hazırda isə işsizdir.
Maraqlı faktlar:
Nazim Süleymanov tək futbolda deyil, eyni zamanda güləşdə də uğur qazanıb. Üç qat dünya çempionu Məhyəddin Allahverdiyevlə bir yerdə məşq edən Nazim Süleymanov hətta sərbəst güləş üzrə Sumqayıtda keçirilən yarışların birində ikinci yeri tutur.
"Bitməyən matç"
Barəsində 50 illik yubileyi ilə bağlı 16 aprel 2015-ci ildə Bakıda Varisin müəllifliyi ilə çap edilən "Bitməyən matç" kitabının təqdimat mərasimi keçirilmişdir.
Peşəkar futbolçu karyerası :
-”Avtomobilçi” Mingəçevir-1982
-“Neftçi” Bakı-1983-1990 (177-oyun,27-qol)
-”Spartak” Moskva-1990 (0/0)
-”Alaniya” Vladiqafqaz-1991-1996 (142 oyun,60-qol)
-”Jemçujina” Soçi-1997-2000 (67 - oyun, 13-qol)
-Azərbaycan milli komandası-1992-1999 (24-oyun,5-qol)
Boyu: 175 sm;
Çəkisi: 75 kq;
Ampulası: hücumçu;
Məşqçi karyerası:
-”Jemçujina” Soçi - 2001 (əvəzedici heyət)
-”Jemçujina” Soçi - 2002 (əsas heyət)
-Azərbaycan milli komandası - 2003 (seleksiyaçı məşqçi)
-”Xəzər-Lənkəran” - 2004 -Azərbaycan (məşqçi-seleksioner) - 2007
-”Olimpik-Şüvəlan” - 2009-2011
-Azərbaycan milli komandası (məşqçi) 2012-2013
-”Neftçi” Bakı-2013
-”Sumqayıt” - 2018
Fəxri adları:
-Şimali Osetiyanın fəxri vətəndaşı, “Şöhrət” ordenlisi
-Şimali Osetiyanın Kosta Xetaqurov adına Universitetinin hüquq fakültəsini bitirib.
Qeyd edək ki, Nazim Süleymanov müstəqil Azərbaycan yığmasının ilk kapitanı və ilk qolunun müəllifidir. Dəfələrlə UEFA Çempionlar Liqasının və Kubokunun iştirakçısı olub.
Xatırladaq ki, Nazim Süleymanov karyerasının uğurlu dönəmlərində Rusiya millisinə dəvət almaq şansı əldə etsə də O, bir mənalı şəkildə Azərbayca
n millisini seçmişdir. Bundan əlavə Nazim Süleymanov "Real" Madrid klubunun da maraq dairəsinə düşüb.
Nazim Süleymanovu 55 illik yubileyi münasibətilə bütün futbol sevərlər və Rekord.az ailəsi adından təbrik edir, ona can sağlığı və gələcək karyerasında uğurlar arzulayırıq!