“Biz bu yola qələbə əzmi ilə çıxmışıq” — Deputatlığa gənc namizəd Gülpəri Bayramova ilə müsahibə FOTOLAR
- 18 Avq 2024 12:47
- 633
Rekord.az Gülpəri Bayramovanın müsahibəsini təqdim edir.
DOSYE: Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.
- Ənənəvi sualdan başlayaq. Necə oldu ki, növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəldiniz?
- Hələ universitetdə təhsil aldığım ilk illərdən aktiv biznes fəaliyyəti ilə məşğul oluram. Bununla bağlı mətbuatda dəfələrlə müsahibələrim olub və yenidən bu mövzunun üzərində dayanmaq istəmirəm. Onu deyə bilərəm ki, kifayət qədər çətin və keşməkeşli yollardan keçmişəm. “Agromix” şirkətini quranda hardan və necə başlayacağımı bilmirdim. Daim öüz üzərimizdə çalışmaq, zəhmət və peşəkar komanda ilə bu gün “Agromix”i ölkəmizin aparıcı aqrar şitkərlərindən birinə çevirmişik. Təsadüfi deyil ki, paytaxtın aparıcı supermarketlər şəbəkələrini meyvə-tərəvəz məhsulları ilə təhciz edirik.
Biznes fəaliyyətimin müəyyən bir mərhələsində anladım ki, artıq dövrün tələblərinə uyğunlaşmaq zamanıdır və müxtəlif biznes təşkilatlarında aktiv fəaliyyət göstərməyə başladım. Bir müddət sonra isə biznes tərəfdaşlarımızla birlikdə Azərbaycan Biznes Partnyorları Klubunu (BPC) təsis etdik. Azərbaycanın nüfuzlu iş adamları ilə birləşdik və İdarə Heyətinin qərarı ilə sədr seçildim. Bu gün BPC ölkəmizin aparıcı assosiativ biznes klublarından biridir və 100-dən artıq şirkət kollektiv şəkildə qurumda təmsil olunur.
İctimai fəaliyyətlə məşğul olduğum dövrlərdə hər zaman müxtəlif sosial-korporativ layihələrdə iştirak etmişik. Bu layihələrin çoxunda millət vəkillərimiz də bizimlə birlikdə iştirak edib. Bu məqamda qeyd edim ki, mən özüm də 16 saylı Yasamal ikinci seçki dairəsinin ərazisində yaşayıram. Bu dairənin seçiciləri ilə doğma münasibətlərimiz mövcuddur. Digər qərarlarımda olduğu kimi, bu qərarı vermədən öncə geniş araşdırma apardım. Görəndə ki, seçicilər mənim namizəd olmaq qərarıma müsbət yanaşırlar, bu qərarımı elan etdim. Çox qısa müddət ərzində seçici imzalarını topladım və deputatlığa namizədliyim qeydə alındı.
- Gülpəri xanım, “Sağlam gənclik, sağlam düşüncə, sağlam gələcək” şüarı ilə seçkiyə qatılmısınız. Deputat seçiləcəyiniz təqdirdə əsas fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?
- 2020-ci ilin prezident seçkilərindən sonra Cənab Prezident İlham Əliyevin inaqurasiya çıxışından xalqını, dövlətini, millətini sevən bir Azərbaycan gənci olaraq çox böğyük qürur hissi keçirdim. Fəxr etdim ki, bizim belə rəhbərimiz, liderimiz var. Cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ölkədə çox ciddi dəyişikliklər olacaq, idarəetmə sistemi yenilənəcək. Bundan sonra bütün hakimiyyət qolları yeniləndi. 44 günlük vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə, ardınca lokal antiterror əməliyyatı zamanı qazandığımız növbəti Zəfər 30 illik işğal faktını aradan qaldırdı. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə cansağlığı versin! Bu gün Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətlərindən biridir. Ölkəmizin rolu və iştirakı olmadan regionda heç bir layihə uğur qazana bilmir. Bunun da əsas səbəbi praqmatik zəkaya, rasional idarəçilik təcrübəsinə, dərin diplomatik keyfiyyətlərə malik qətiyyətli bir liderin – İlham Əliyevin ölkəmizə rəhbərlik etməsidir.
Tam səmimi deyəcəm. Əslində növbədənkənar parlament seçkilərində iştirak qərarım Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar prosesinə dəstək olmaq, milli həmrəyliyin inkişafına töhfə verməkdir. Biz bu dövləti təmənnasız sevirik. Deputat seçilsək də, seçilməsək də, hər zaman dövlətimizin başçısının, dövlətimizin yanında olacağıq. Bu bizim vətəndaşlıq borcumuzdur. O kin qaldı “Sağlam gənclik, sağlam düşüncə, sağlam gələcək” şüarına, qeyd etdiyim kimi, biz bütün keyfiyyətlərimiz və əxs etdiyimiz müasir dəyərlərimizi xalqımızın, dövlətimizin inkişafı yolunda səfərbər etmək niyyətindəyik.
- İddialar mövcuddur ki, Azərbaycan Parlamentində xanım deputatların sayı artacaq. Qadın namizədlərin sayı da kifayət qədərdir. Sizin və digər bir neçə namizədin timsalında isə işgüzar xanımlar da seçki marafonuna qoşulub. Sizcə, zərif cinsin nümayəndələri ali qanunverici orqana hansı yeniliklər gətirəcək?
- BMT-nin 17 dayanıqlı inkişaf prioritetlərindən biri də qadınların inkişafı, cəmiyyətə fəal inteqrasiyasıdır. Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda qadın hərəkatının inkişafında xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Mehriban xanımın uğurlu fəaliyyəti ilə Azərbaycanda qadınların ictimai və dövlət həyatında iştirakı keyfiyyətcə yeni mərhələyə yüksəlib. İctimai həyatda yaxından iştirak edən, cəmiyyətin inkişafına töhfə vermək istəyən iş xanımları olaraq biz hər zaman Mehriban xanımdan örnək götürmüşük. Çox qürurverici məqamdır ki, qadınlarımız dövlət idarəçiliyində təmsil olunduğu kimi, ali qanunverici orqanda da təmsil olunurlar. Onların sayının arıtılması labüddür və inanıram ki, bu, baş verəcək.
- Seçki günündən bizi təxminən iki həftəlik zaman kəsimi ayırır. Platformanızda gələcək fəaliyyət istiqamətlərindən bəhs etmisiniz. Seçicilərə çağırışınızı eşitmək maraqlı olardı...
- Biz bu yola qələbə əzmi ilə inanaraq çıxmışıq. Ötən dəfə seçicilərimə video-müraciətimdə də qeyd etmişdim ki, biz dünən də birlikdəydik, bu gün də birlikdəyik, bundan sonra da birlkdəyik! Biz bu dairənin seçiciləri ilə doğrudan da doğmayıq. Hər gün rastlaşırıq, müzakirələr aparırıq. Nəticədən asılı olmayaraq bu hər zaman belə də olacaq. Seçicilərimə çağırış edirəm ki, seçki məntəqələrinə gəlsinlər və layiq bildiyi namizədə səs versinlər! Biz də bugünə qədərki fəaliyyətimizlə, sözsüz ki, bundan sonrakı fəaliyyətimizlə də, xalqımıza, dövlətimizə, seçicilərimizə layiq olmağa çalışmışıq və bundan sonra da çalışacağıq.
- Biraz mövzudan kənara çıxaq. BPC sədri olaraq fəaliyyətiniz hazırda nə yerdədir və planlarınızda nələr var?
- BPC olaraq əsas fəaliyyət istiqamətimiz “Made in Azerbaijan” brendinin təşviqidir. Dünyanın müxtəlif ölkələrinə BPC üzvü olan iş adamlarının səfərlərini təşkil etmişik. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meskikanın və digər dövlətlərin Azərbaycandakı səfirliklərində səfirlərin iştirakı ilə işgüzar görüşlərimiz keçirilib. Azərbaycan məhsullarının xarici bazarlara çıxışı, “Made in Azerbaijan” brendinin şöhrətinin daha da yüksəlməsi ümdə vəzifəmizdir. Əminik ki, biz də bu prosesə mühüm töhfələr verəcəyik. Deputat seçilsəm qanunvericiliyin tələbinə uyğun olaraq sahibkarlıq fəaliyyətimizi dayandıracağam. Lakin iş adamları arasında faydalı və qarşılıqlı təmasların artırılması bundan sonra da əsas fəaliyyət istiqamətlərimdən biri olacaq.
və sonda...
- Sağlam gənclik, sağlam düşüncə, sağlam gələcək!