Avropa çempionatının seçmə mərhələsində mübarizəni başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarışı uğurlu nəticə ilə yekunlaşdırıb. "Rekord.az" xəbər verir ki, qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanan yığmamız üzvü Ayşən Abduləzimova federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Təcrübəli blokçumuzun fikirlərini təqdim edirik: "İlk olaraq hər kəsi təbrik edirəm. Avropa çempionatının təsnifat mərhələsinin oyunlarına nəzər salsaq, onu deyə bilərəm ki, Sloveniya ilə hər iki görüşdə oyunumuz istədiyimiz kimi alınmadı. Beləliklə, həm Bakıda, həm də səfərdə məğlub olduq. Buna baxmayaraq, sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik. Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bu münasibətlə bütün komanda yoldaşlarımı, məşqçilər korpusunu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm. 

Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Qeyd etməliyəm ki, onlar hər zaman bizimlə oldular. Hər birinə təşəkkür edirəm. 

Komandamıza AVRO-2023-də uğurlar arzu edirəm".